AZ   |   RU
XİN Ceyhun Bayramovun Rusiya səfərinin nəticələrinə dair məlumat yayıb

Xarici İşlər Nazirliyi xarici işlər naziri Ceyhun Bayramovun Rusiya Federasiyasına işgüzar səfərinin nəticələrinə dair məlumat yayıb.

Missiya.Az
xəbər verir ki, məlumatda deyilir:
"5 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun Rusiyaya işgüzar səfəri baş tutub.
Səfərin əvvəlində, xarici işlər naziri Ceyhun Bayramov Moskva şəhərindəki Aleksandr bağında naməlum əsgərin məzarını ziyarət edib və əbədi məşəl önünə əklil qoyub.

Daha sonra, nazir Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov ilə ikitərəfli və geniş nümayəndə heyəti ilə birgə görüş keçirib.

Görüşdə Azərbaycan-Rusiya arasında əməkdaşlıq gündəliyinin aktual məsələləri, iqtisadiyyat, təhsil, nəqliyyat və digər ikitərəfli və regional sahələrdə əməkdaşlıq, eləcə də Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması məsələləri, üçtərəfli bəyanatların icrası müzakirə edilib.

Nazir Ceyhun Bayramov Azərbaycan və Rusiya arasında yüksək səviyyəli dialoqun və sıx təmasların olmasından məmnunluq ifadə edib. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasının cari ildə 30 illik yubileyinin qeyd olunduğunu söyləyən nazir, müxtəlif tədbirlərin keçirildiyini və bu tədbirlərin ikitərəfli münasibətlərə töhfə verəcəyini qeyd edib.

Nazir Ceyhun Bayramov, həmçinin post-münaqişə dövründə sülh gündəliyi və Azərbaycan tərəfindən atılan addımlar barədə qarşı tərəfə məlumat verib.

Ermənistanın prosesi ləngitmək cəhdləri, Üçtərəfli Bəyanat, xüsusilə də 4-cü və 9-cu bəndlər üzrə öhdəliklərini yerinə yetirməməsi, qüvvələrini tam şəkildə ərazilərimizdən çıxarmaması, bütün kommunikasiyaların açılması işinə maneçilik törətməsi üzrə narahatlıqları diqqətə çatdırıb. Azad olunmuş ərazilərdə mövcud mina təhlükəsindən söz açan nazir Ceyhun Bayramov, Azərbaycan ərazilərində 2021-ci ildə Ermənistanda istehsal olunmuş minaların aşkar edilməsinin Ermənistan tərəfindən öhdəliklərinin ciddi şəkildə pozuntusu olduğunu və sülh prosesinə xələl gətirdiyini vurğulayıb. Bununla yanaşı, Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazilərimizdə təbii sərvətlərimizin qanunsuz istismarı məsələsi müzakirə mövzusu olub.

Geniştərkibli görüşdən sonra, Azərbaycan və Rusiya Xarici İşlər Nazirlikləri arasında 2023-2024-cü illər üçün siyasi məsləhətləşmələr planı imzalanıb.

Daha sonra, nazirlərin iştirakı ilə Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin 30 illiyinə həsr olunmuş poçt markalarının xüsusi poçt ştempeli ilə damğalanması mərasimi keçirilib. Eyni zamanda, yeni nəşr olunmuş Azərbaycanla Rusiya arasında imzalanmış sənədlərin toplusunun 2-ci cildi təqdim edilib.

Görüşdən sonra, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin birgə mətbuat konfransı keçirilib. Konfrans zamanı nazirlər bəyanatlarla çıxış edib və medianın suallarını cavablandırıblar".


  • 5-12-2022, 19:33