AZ   |   RU
Azərbaycan Prezidentinin Serbiyanın Baş naziri ilə geniş tərkibdə görüşü olub


Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.

Missiya.Az
"Report"a istinadən xəbər verir ki, Serbiyanın Baş naziri Ana Brnabiç deyib:

- Hörmətli cənab Prezident.

Hörmətli qonaqlar.

Sizi bu gün Belqradda görməkdən olduqca məmnunam. Bilirəm ki, bizim bir çox məsələlərə nəzər salmaq imkanımız oldu. Sizin bizim Prezidentlə məhsuldar müzakirələriniz olub. Sizi əmin etmək istərdim ki, Serbiya hökumətinə arxalana bilərsiniz. Siyasi və iqtisadi əlaqələrimiz inkişaf edir. Azərbaycanın bizim üçün çox böyük əhəmiyyəti var. Ölkəniz bizim əsl dostumuzdur. Artıq qeyd etdiyim kimi, Sizinlə görüşməkdən və məsələləri müzakirə etməkdən məmnunam və şərəf hissi duyuram. Özünüzü burada öz evinizdə kimi hiss edin. Mən Sizinlə birgə işləməyi səmimiyyətlə arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyev deyib:

- Çox sağ olun, hörmətli Baş nazir. Sizi görməyimə çox şadam. Haqlı olaraq qeyd etdiniz ki, Prezidentlə bizim çox konstruktiv görüşümüz oldu, biz qarşılıqlı maraq doğuran bir çox məsələləri müzakirə etdik. Hazırda biz həmin məsələləri davamlı şəkildə nəzərdən keçirəcəyik. Ölkələrimiz strateji tərəfdaşlardır və biz Serbiyanı Avropada özümüzün ən yaxşı dostlarımızdan biri hesab edirik. Əməkdaşlığımızın mahiyyəti onun formalarını özündə əks etdirir. Biz bu gün bir neçə mühüm sənəd imzalamışıq və onlar iş birliyimizin hüquqi əsaslarını genişləndirir. Lakin, əlbəttə ki, strateji tərəfdaşlığa aid sənəd xüsusi əhəmiyyət kəsb edir.

Təbii ki, qlobal gündəlikdə mühüm məsələlərdən biri enerji təhlükəsizliyidir və biz cənab Prezidentlə bu məsələni müzakirə etdik. İndi isə işimizi davam etdiririk. Eyni zamanda, düşünürəm ki, biz daşımalarla bağlı infrastrukturumuzun birləşdirilməsi üzərində çalışmalıyıq. Çünki Serbiya və Azərbaycan Avropanı Asiya ilə birləşdirən enerji marşrutunun üzərində yerləşir. Fikrimcə, bu sahədə əməkdaşlığın əhatə dairəsi daha geniş olmalıdır. Həmçinin mən ikitərəfli ticarətə aid bəzi məlumatlara baxdım. Rəqəmlər çox kiçikdir. Bu il dövriyyə artımına baxmayaraq, yenə də hesab edirəm ki, bunun üzərində işləmək imkanları var. Əlbəttə, bütün bu və digər məsələlər nəzərdən keçiriləcək. Ümid edirik ki, səfərdən sonra əməkdaşlığımızda yeni dinamikanı görəcəyik.

Noyabrın 23-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Serbiya Respublikasının Baş naziri xanım Ana Brnabiç ilə geniş tərkibdə görüşü olub.


  • 23-11-2022, 20:29