AZ   |   RU
Nizami rayonunda şəhid adına xatirə bulağının açılışı olub - FOTOLAR

Nizami rayonunda Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu olmuş şəhid Vüqar Cəfərovun yaşadığı binanın qarşısında xatirə bulağının açılış mərasimi keçirilib.

Missiya.Az xəbər verir ki, Vüqar Cəfərovun şəhid olduğu gün təşkil olunmuş mərasimdə şəhid ailələrinin üzvləri, qazilər, Nizami rayon İcra Hakimiyyətinin, Hüququ mühafizə orqanlarının, Yeni Azərbaycan Partiyasının yerli təşkilatının və Missiya Media Qrupunun rəhbərliyi, Daxili Qoşunların təmsilçiləri, din xadimləri, ictimaiyyət nümayəndələri, eləcə də məktəblilər iştirak ediblər.

Çıxış edənlər Vətən Müharibəsində əldə olunmuş şanlı qaləbənin tarixi əhəmiyyətindən, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin sayəsində Azərbaycan Ordusunun yüksək inkişaf səviyyəsinə çatmasından, eləcə də dövlətin şəhid ailələri və qazilərə göstərdiyi hərtərəfli qayğıdan danışıblar. Vüqar Cəfərovun cəbhə yoldaşları isə onun keçdiyi döyüş yolundan söz açıblar. Sonda məktəblilər vətənpərvərlik mövzusunda təsirli şeirlər söyləyiblər.

Qeyd edək ki, Vüqar Cəfərov Cəbrayılın azad olunması uğrunda döyüşlərdə şəhid olub. O, vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib. Vüqar Cəfərovun təltifləri sırasında "Cəbrayılın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları da var. Vüqar Cəfərovun xatirəsinin əbədiləşdirmək məqsədilə bundan əvvəl də bir neçə layihə həyata keçirilib. Bunların içində şəhid yaşadığı binanın qarşısında Missiya Media Qrupunun dəstəyi ilə ərsəyə gətirilmiş xatirə abidəsi də var.

Allah şəhidlərimizə rəhmət eləsin.




  • 5-10-2022, 16:48