Rusiya prezidenti Vladimir Putin ölkə daxilində qismən səfərbərlik elan etdikdən sonra ölkəni tərk etməyə çalışanların sayı artır.
Missiya.Az xəbər verir ki, Almaniyanın daxili işlər naziri Nensi Feaserin sözlərinə görə, Rusiyada hərbi xidmətə getməkdən imtina edənlər Almaniyada sığınacaqla təmin olunacaq. "Bir qayda olaraq, ağır repressiya təhlükəsi altında olan fərari əsgərlər Almaniyada beynəlxalq müdafiədən istifadə edirlər. Vladimir Putin rejiminə cəsarətlə qarşı çıxan və buna görə də siyasi təqiblərə görə özünü böyük təhlükəyə atan hər kəs Almaniyada olmalıdır və sığınacaq üçün müraciət edə bilərlər”-deyə, Feaser söyləyib. Ölkənin Ədliyyə naziri Marko Buşman da: “Putinə nifrət edən və liberal demokratiyanı sevən hər kəs Almaniyada bizə qoşula bilər”- deyə münasibət bildirib.
Qeyd edək ki, Putinin 300.000 ehtiyatda olan hərbçinin dərhal geri çağırılması əmrindən sonra Rusiyada birtərəfli uçuşlar sürətlə tükənib. Rusiya vətəndaşlarına heç bir sanksiya tətbiq etməyən Türkiyə və Ermənistana uçuş biletlərinə də böyük tələbat yaranıb, birtərəfli biletlər isə tükənib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin səfərbərlik üçün yalnız müəyyən təcrübəyə malik vətəndaşların hərbi xidmətə çağırılacağı qərarını vermişdi.
Zərintac MAYİSQIZI
Missiya.Az