Rusiyanın Xarici işlər naziri Sergey Lavrov mayın 10-11-də Azərbaycana işgüzar səfərə gələcək. Lavrov Bakı səfərindən əvvəl, 5-6 may tarixlərində İrəvanda olacaq.Missiya.Az xəbər verir ki, bu barədə Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib. O bildirib ki, səfər mövcud olan razılaşmalara uyğun olaraq həyata keçiriləcək.
Əlbəttə ki, Qarabağın işğaldan azad olunmasından sonra regionda yaranan yeni reallıqlar fonunda Lavrovun İrəvana və Bakıya səfəri diqqət çəkməyə bilməz. Sergey Lavrovun Bakı səfəri zamanı hansı məsələlər müzakirə olunacaq?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb.
Sitat: “Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdıq ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq. Ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılmasının vacibliyini arxa plana keçirdi”, - sitatın sonu.
Elxan Şahinoğlu Lavrovun İrəvandan birbaşa Bakıya deyil, Moskvaya gedib, bir neçə gün sonra Azərbaycana gəlməsinə diqqət çəkib.Sitat: “Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Sergey Lavrov həm də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir”, - sitatın sonu.
Politoloq hesab edir ki, Rusiya Rəcəb Tayyib Ərdoğanın Şuşaya planlaşdırılan səfərindən narahatdır.
Sitat: “Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva narahatdır. Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil. Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”, - sitatın sonu. 
Politoloq Zaur Məmmədov
Missiya.Az-a açıqlamasında bildirib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakıya və İrəvana, Qarabağ ətrafında baş verənləri və Vətən Müharibəsindən sonra Cənubi Qafqazda yaranan yeni prosesləri müzakirə etmək üçün gəlir.
Sitat: “Biz ABŞ və Rusiya arasındakı qarşıdurmanın Şərqi Avropa və Aralıq Dənizindən sonra Cənubi Qafqaza keçidinin şahidi oluruq. ABŞ-ın Ermənistandakı səfiri Linni Treysi kifayət qədər aktivləşib. O, Ermənistanın Zəngəzur bölgəsinə səfər edib və ötən gün isə Qarabağla bağlı bəyanatlar verib. Həmçinin ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Bu birmənalı şəkildə Rusiyanı narahat edir və ciddi addımlar atmasına gətirib çıxara bilər. Rusiyanın hərbi və siyasi elitasında ABŞ-ın regionda qeyri-sabitlik zolağı qurması ilə bağlı narahatlıqlar var. Bu səbəbdən regionda öz fəaliyyətini aktivləşdirmək niyyətindədir”, - sitatın sonu. Elvin
Missiya.Az