“Mobil və rəqəmsal mediasiya quruculuğunda Ədliyyə Nazirliyinin mobil tətbiqlər üzrə mütərəqqi təcrübəsi öyrənilərək tətbiq ediləcək”. Missiya.Az xəbər verir ki, bunu Ədliyyə Nazirliyi tərəfindən keçirilən E-qanun mobil tətbiqinin müzakirəsinə həsr edilmiş tədbirdə çıxış edən Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov deyib.
O bildirib ki, Mediasiya Şurası vətəndaş məmnunluğunun təmin edilməsi sahəsində rəqəmsal təcrübəni öyrənir və yaxın zamanlarda bu təcrübəni tətbiq etməyi planlaşdırır:
“Məlumat üçün qeyd edim ki, BP şirkəti ilə səmərli əməkdaşlığımız nəticəsində mediasiya proseslərinin avtomatlaşdırılması, rəqəmsallaşdırılması ilə bağlı Mediasiya Şurası tərəfindən layihə icra ediləcəkdir. BP Şirkətinin bizə verdiyi dəstək nəticəsində biz bir çox texniki və proqramlaşdırma yönümlü məsələləri həll edə biləcəyik. BP tərəfindən göstərilmiş layihənin uğurla icra edilməsi sahəsində isə biz Mediasiya Şurası olaraq mütərəqqi təcrübəni öyrənərək tətbiq etməliyik. Bu mütərəqqi təcrübənin isə bizə ən yaxını Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən hazırlanaraq tətbiq edilən mobil tətbiqlərdir”.
Nadir Adilov, həmçinin söyləyib ki, Ədliyyə Nazirliyinin bu sahədə təcrübəsini öyrənmək və tətbiq etməklə bağlı niyyətlərinə çox müsbət yanaşılıb və hətta onlara bu sahədə zəruri metodiki və məsləhət dəstəyi də təmənnasız olaraq göstərilib:
“Bildiyiniz kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mobil tətbiqlər üzrə bir çox işlər görüb ki, bunlar rəqəmsal mediasiya üçün gözəl bir nümunədir. Misal üçün vahid məhkəmə portal, mobil notariat, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reysteri, normativ hüquqi aktların vahid internet elektron bazası, icra xidməti və s. Bu misalları sadalamaqda məqsədim ondan ibarətdir ki, əgər biz mobil mediasiya və yaxud da rəqəmsal mediasiyaya bir startap kimi baxsaq, bu startapın ökəmizdə bazasını təşkil edən elektron resurslar Ədliyyə nazirliyi tərəfindən yaradılıb. Dünyada da belədir, əgər bir idea, bir startap yaranırsa onun uğurlu tətbiqi üçün mütləq bu startapı dəstəkləyən rəqəmsal ekosistem olmalıdır. Bizim uğurumuz isə ondadır ki, bu ekosistem Ədliyyə nazirliyi tərəfindən hazırlanıb və illərdir ki üzərində təkminləşdirmə işləri gedir".
Leyla SƏMƏNDƏR
Missiya.Az