Dünya liderləri Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatı ilə bağlı başsağlığı veriblər.
Missiya.Az "Report"a istinadən xəbər verir ki, bir sıra ölkələrin liderləri bu barədə tviter hesablarında yazıblar.
BMT baş katibi Antoniu Quttereş Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatından kədərləndiyini bildirib.
Quttereş qeyd edib ki, liderliyinə və sədaqətinə görə bütün dünyanın heyran olduğu Ülyahəzrət Kraliça II Elizabetin vəfatı onu dərindən kədərləndirib.
Baş katib II Elizabeti BMT-ni səmimi dostu adlandırıb. “Onun sarsılmaz, ömürlük fədakarlığı uzun müddət xatırlanacaq”, - Quttereş vurğulayıb.
“Ülyahəzrət Kraliça II Elizabetin vəfatından məni dərin kədərləndi. O, 70 ildən artıq müddətdə fədakar liderlik və ictimai xidmət nümunəsi göstərib. Kral ailəsinə, NATO müttəfiqlərimiz Böyük Britaniya və Kanadaya və Birlik xalqına dərin hüznlə başsağlığı verirəm” - bunu isə NATO baş katibi Yens Stoltenber tviter hesabında yazıb.
Kanadanın Baş naziri Castin Trüdo isə ölkəsinə ən uzun müddət monarxlıq edən Ülyahəzrət Kraliça II Elizabetin vəfatı barədə məlumatı ağır ürək yanğısı ilə öyrəndiyini bildirib. “O, həyatımızda daimi var idi - və onun kanadalılara xidməti əbədi olaraq ölkəmizin tarixinin mühüm hissəsi olaraq qalacaq”, - Baş nazir vurğulayıb.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski də Böyük Britaniya və Şimali İrlandiyanın Kraliçası Ülyahəzrət II Elizabetin vəfatından kədərləndiyini qeyd edib. Dövlət başçısı Ülyahəzrət Kraliça II Elizabetin vəfatından dərin hüznlə xəbər tutduğunu qeyd edib, Ukrayna xalqı adından dərin hüznlə başsağlığı verib.
Pakistanın Baş naziri Şahbaz Şərif ülyahəzrət Kraliça II Elizabetin vəfatından dərin kədərləndiyini qeyd edib. “Pakistan onun ölümünə yas tutan Britaniya və digər Birlik ölkələrinə qoşulur. Böyük Britaniyanın kral ailəsinə, xalqına və hökumətinə səmimi başsağlığı verirəm”, - Şahbaz Şərif tviter hesabında yazıb.
Polşa Prezidenti Anjey Duda da ülyahəzrət Kraliçanın vəfatı ilə əlaqədar kral ailəsinə və bütün Britaniya xalqına dərin hüznlə başsağlığı verib. Bildirib ki, Kraliça onilliklər ərzində Britaniyanı həqiqətən Böyük edib. II Elizabet Polşada və bütün dünyada xatırlanacaq.