Rusiyanın Kabildəki səfirliyi yaxınlığında baş verən partlayış terror aktıdır, belə hadisələr yolverilməzdir.
Missiya.Az İzvestiya.ru saytına istinadən xəbər verir ki, bunu sentyabrın 5-də Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bu, terror hücumu sayılır. Ümumiyyətlə, qətiyyən yolverilməzdir, biz bu cür hücumları qətiyyətlə pisləyirik. Əsas odur ki, bizim nümayəndələrin və diplomatların başına gələnlər barədə yerindən məlumat əldə edək”. Rusiya Xarici İşlər Nazirliyinin məlumatına görə, bu gün Kabil vaxtı ilə saat 10:50-də (Moskva vaxtı ilə 9:00 - Red.), Rusiyanın Kabildəki səfirliyinin konsulluq şöbəsinin girişinin bilavasitə yaxınlığında naməlum silahlı partlayıcı qurğunu işə salıb.
Hücum nəticəsində diplomatik missiyanın iki əməkdaşı həlak olub, ölənlər arasında Əfqanıstan vətəndaşları da var. Partlayış səfirliyin girişində baş verib və Rusiya vizası üçün müraciət edən vətəndaşlara qarşı yönəlib. Qeyd edək ki, bundan əvvəl, iyul ayında Əfqanıstanın paytaxtının mərkəzində partlayış baş vermişdi. Xəbər verdiyimiz kimi, partlayış raket zərbəsindən sonra baş verib.
Bundan əvvəl, iyunun 18-də Kabildə Sıx məbədində partlayış baş vermiş, bir neçə nəfərin yaralandığı bildirilmişdi. Mayın 29-da Kabildə maqnit minasının partlaması nəticəsində iki nəfər xəsarət alıb. Hadisə Qolaye Parkı ərazisində baş verib. Aprelin 30-da isə Əfqanıstanın paytaxtında mikroavtobusda törədilən partlayış nəticəsində bir qadın ölüb, daha üç sərnişin yaralanıb.
Missiya.Az