AZ   |   RU
Qarabağa köçən erməni iş adamı "Üçüncü müharibə"dən danışdı - "Bu, sonuncu olacaq"

Bu yaxınlarda Qarabağa köçdüyünü videomüraciətlə elan edən erməni əsilli rusiyalı milyarder Ruben Vardanyan  2000 illik Tenqri çinarının altında (Azərbaycanın Xocavənd inzibati rayonunun Qırmızı bazarda yerləşən Şıx Dursun kəndində - red) dayanaraq  mətbuat konfransı keçirib.

Missiya.az
Haqqın.az-a istinadən xəbər verir ki, Vardanyan onun şəxsiyyəti ətrafında, xüsusən də gözlənilmədən Qarabağa köçməsi ilə bağlı yayılan məsələlərə münasibət bildirib. 

Biznesmen bəzilərinin onun   Rusiya vətəndaşlığından imtina edib  Qarabağa köçməsini sırf şəxsi maraq və mənfəət ilə əlaqələndirdiyini deyib. 

“Bu əsla, belə deyil! Mənim bütün layihələrim, etdiyim  investisiyalar Ermənistanın güclü, xoşbəxt və müstəqil ölkə olması üçündür. Bu, mənim fəaliyyətimin əsasını təşkil edib”, - deyə iş adamı əmin edib.

Artıq keçmiş Rusiya vətəndaşının sözlərinə görə, o, öz yerini tapıb və indi hər şeyi qurban verməyə hazırdır. Vardanyan siyasi fəaliyyətlə məşğul olacağını da açıqlayıb. O, Ermənistanın baş naziri postuna namizədliyini irəli sürəcəyini istisna etmir.

"Bəli, ehtiyac yaranarsa, mən hər şeyi edəcəm" - deyə, Vardanyan gələcəkdə belə bir zərurət yaranarsa, Ermənistanın baş naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi ilə bağlı sualı cavablandırarkən deyib.


Azərbaycanın Şıx Dursun kəndindəki həmin 2000 illik Tenqri çinarının altında Rusiya vətəndaşlığından imtina etdiyini bəyan edən iş adamı tutduğu mövqenin “sırf vətənpərvərlik”  mülahizələri ilə bağlı olduğunu, sadəcə olaraq başqa səbəbinin olmadığını bildirib.

Xatırladaq ki, Vardanyan müraciətində Qarabağda Rusiya sülhməramlılarının sayını artırmağa və onların mandatını dəqiqləşdirməyə çağırıb. O, həmçinin “Qarabağ Təhlükəsizlik və İnkişaf Fondu”nu yaratdığını bildirib və bütün dünya ermənilərini Qarabağ ermənilərini dəstəkləməyə çağırıb.


Vardanyan hesab edir ki, Azərbaycan və Ermənistan arasında gələcək sülh sazişi sadəcə bir “kağız parçasıdır”


Milyarder mətbuat konfransında Azərbaycan və Ermənistan arasında gələcək sülhü “kağız parçası” adlandırıb. 
“Əgər siz zəifsinizsə, o, saziş dəyərsizdir. Bu kağız heç bir təhlükəsizliyi təmin etməyəcək. Bu cür razılaşmalar çox ölkəyə kömək etmədi. Onların arasında ən güclüləri də var. Mən inanıram ki, sülhə o zaman nail olmaq olar ki, hər iki tərəf yeni müharibənin onlar üçün sonuncu olacağını anlasın” - deyə, Vardanyan əlavə edib.

Fakt budur ki, Vardanyanın son ifadəsi Ermənistanda yaranmış vəziyyətə dəqiq uyğun gəlir. 44 günlük müharibədə ermənilər daha bir müharibənin onlar üçün sonuncu olacağını anladılar və nəticədə ötən ilki növbədənkənar seçkilərdə Vardanyana yaxın revanşistləri deyil, “torpaq itirən” Paşinyanı dəstəklədilər. Son iki ildə Azərbaycan ordusu Ermənistana və Qarabağdakı silahlı erməni separatçılarının qalıqlarına dəfələrlə xatırladıb ki, növbəti müharibə və hətta müharibə cəhdi onlar üçün son ola bilər.

Qeyd edək ki, Vardanyan bundan öncə də Qarabağda olan  qondarma respublikanın separatçılarına dəstək nümayiş etdirib. 
“Biz bütün dünya erməniləri Artsax xalqı ilə bir yerdə olmalıyıq. Bu il Artsaxda 700-dən çox uşaq doğulub. Biz onların qarşısında cavabdehik və bura, ermənilərin mərkəzinə gəlməliyik”, - deyə, Vardanyan son çıxışında bildirib.

 O, özünü Rusiyada iş adamı kimi təsdiqlədiyini, lakin Rusiya vətəndaşlığından imtina etmək və “Ermənistan vətəndaşı kimi” Artsaxa köçmək barədə “çətin” və “düzgün” qərar verdiyini qeyd edib.

 "Mən çox minnətdaram ki, Rusiya Artsaxdadır, sülhməramlı qoşunlar orada Artsax xalqının təhlükəsizliyini qoruyur", - iş adamı deyib.

 Biznesmenin fikrincə, yalnız “Rusiya, Fransa və Amerika tərəfindən təmsil olunan” beynəlxalq ictimaiyyət Artsaxın statusunun gələcəyini müəyyən edə bilər. O, iki həftə əvvəl Artsax Təhlükəsizlik və İqtisadi İnkişaf Cəbhəsinin yaradılmasını elan etdiyini və bu cəbhənin həm yerli sakinlərə, həm də uzaqdan bölgənin inkişafına kömək edə bilənlərə qoşula biləcəyini söyləyib. 

Rusiya vətəndaşlığından imtina edib Qarabağa köçdükdən sonra Vardanyan bütün Rusiya aktivlərini partnyorların idarəçiliyinə və ailə fonduna keçiricəyini elan edib. Bu barədə RBC-yə biznesmenin özü məlumat verib.


Xatırladaq ki, Forbes jurnalına görə, Vardanyanın 1 milyard dollarlıq sərvəti  var. O Rusiyanın 200 ən varlı iş adamı reytinqində 116-cı yeri tutur – 2021-2020-ci ildə bu siyahıda 103-cü yerdə idi.


  • 3-09-2022, 14:56