Dövlət İmtahan Mərkəzinin (DİM) 2022/2023-cü tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün keçirdiyi müsabiqənin nəticələrinə əsasən, Dövlət Gömrük Komitəsinin Akademiyası üzrə yüksək göstərici qeydə alınıb. Hər il olduğu kimi Gömrük Akademiyasının qəbul planı 100 faiz dolub. Belə ki, bu tədris ilində bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə aparılan müsabiqənin nəticələrinə əsasən, Gömrük Akademiyası qəbul planı 100 faiz dolan 6 ali məktəbdən biri olub.
Missiya.Az xəbər verir ki, bu il Akademiyada bakalavriat səviyyəsinə I ixtisas qrupu üzrə “İnformasiya təhlükəsizliyi”, “İnformasiya texnologiyaları” (tədris ingilis dilində), II ixtisas qrupu üzrə “İqtisadiyyat”, “Beynəlxalq ticarət və logistika” (tədris Azərbaycan və ingilis dillərində), III ixtisas qrupu üzrə isə “Hüquqşünaslıq” ixtisasına qəbul həyata keçirilib.
Qeyd edək ki, 2022/2023-cü tədris ilindən etibarən “İnformasiya texnologiyaları” və “Beynəlxalq ticarət və logistika” ixtisasları üzrə ilk dəfə olaraq tədris ingilis dilində təşkil olunacaq.
Xatırladaq ki, bu il Dövlət Gömrük Komitəsinin Akademiyasının magistratura səviyyəsi üzrə qəbul planı da 100 faiz dolub.