AZ   |   RU
Tokayevin Bakı səfəri, ermənilərin isterikası və "KTMT-dən çıxaq" çağırışları - BİZİM ŞƏRH
Son dövrlər Azərbaycanın Türk Dövlətlərilə həm siyasi, həm də iqtisadi əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu inkişafı Azərbaycanın Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstanla artan ticarət dövrüyyəsində, siyasi-iqtisadi əməkdaşlıqla bağlı imzalanan sənədlərdən də görmək olar. Həmçinin ölkələr arasında prezidentlər səviyyəsində rəsmi səfərlərin təşkilində intensivlik müşahidə olunur. Son 1 il ərzində Azərbaycan prezidenti İlham Əliyev Türkiyəyə, Özbəkistana və Türkmənistana, Türkiyə, Qırğızıstan və Qazaxıstanın prezidentləri isə Azərbaycana səfər edib. Təbii ki, bu səfərlərin hər birində Azərbaycanla adıçəkilən ölkələr arasında iqtisadi əlaqələrin, dostluğun daha da inkişaf etdirilməsi üçün mühüm ikitərəfli sənədlər imzalanıb. Azərbaycana son belə mühüm səfərlərdən biri Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev tərəfindən həyata keçirilib. Səfər çərçivəsində Azərbaycan və Qazaxıstan arasında müxtəlif sahələri əhatə edən sənədlər imzalanıb.  

Mətbuata bəyanatla çıxış edən Tokayev, Azərbaycanın Vətən Müharibəsindəki qələbəsinə toxunub. O qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və Təhlükəsizlik Şurasının qətnamələrinə müvafiq olaraq ərazi bütövlüyünü Zəfərlə bərpa edən Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub. 

“Bu işdə Azərbaycanın milli lideri, Prezident İlham Heydər oğlu Əliyevin çox böyük şəxsi xidmətləri var. Fürsətdən istifadə edib bir daha qeyd etmək istərdim ki, Azərbaycan bu gün Sizin güclü rəhbərliyinizlə öz inkişafında nəzərəçarpacaq nəticələrə nail olur, biz Sizin ölkənizdə bu tendensiyaları müşahidə edir və buna ürəkdən sevinirik”.

Qazaxıstan prezidentinin Bakıda Vətən Müharibəsindəki qələbəmizlə bağlı səsləndirdiyi fikirlər erməniləri hiddətləndirib. Onlar Qazaxıstanla Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müttəfiq olmalarından, amma Nur-Sultanın İrəvana qarşı müttəfiq münasibəti bəsləməsindən, Azərbaycanla daha sıx əməkdaşlıq qurulmasından şikayətlənirlər. Erməni sosial şəbəkə istifadəçiləri yazır ki, Ermənistanın KTMT-dəki “müttəfiqi” Qazaxıstan, düşmən ölkə Azərbaycanla müttəfiqlik münasibətlərini daha da dərinləşdirir. Həmçinin Qazaxıstanın Türküstan şəhərinin 44 günlük Vətən Müharibəsi zamanı Ermənistanın işğalından azad olunan Azərbaycanın Şuşa şəhəri ilə qardaşlaşması, Tokayevin Qarabağın bərpasında rol oynamaq istədiyini bəyan etməsi erməniləri daha da qəzəbləndirib. 

Ermənilər yazır ki, İrəvana Nur-Sultan kimi müttəfiq lazım deyil və dərhal KTMT-ya üzvlükdən imtina etməlidirlər.  

Erməni istifadəçilərdən biri belə yazır: “KTMT-dən ayrılmağın vaxtı çatmayıbmı? Bizim orada müttəfiqimiz yoxdur. Hətta Rusiya artıq Ermənistana qarşı davranışına görə bizim müttəfiqimiz deyil.”

Xatırladaq ki, KTMT-ya Türk Dövlətlərindən Qazaxıstanla yanaşı, Qırğızıstan da üzvdür. Rəsmi Bişkek də daim Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır, beynəlxalq təşkilatlarda ölkəmizin haqlı mövqeyini dəstəkləyir. Qırğızıstan prezidenti Sadır Japarovin aprelin 19-da Azərbaycana rəsmi səfər etməsi iki ölkə arasında münasibətlərdə yeni mərhələnin başlaması ilə nəticələndi. Təbii ki, nəyinki Qırğızıstanın, həmçinin digər KTMT üzvlərinin  Azərbaycanla həm iqtisadi, həm də siyasi əlaqələr qurması Ermənistanın maraqlarına uyğun deyil. Bundan başqa, Ermənistanın KTMT-dakı din qardaşı Belarus da İrəvanla müttəfiqlik münasibətlərində "xala xətri" prinsipinə söykənir. Hələ Aprel döyüşləri zamanı ağır məğlubiyyətə uğrayan Ermənistana ən ciddi zərbə eyni hərbi alyansda təmsil olunduğu  Belarus və Rusiyadan vurulmuşdu. Belə ki, KTMT-ya üzv olan Minsk və Moskvanın Azərbaycana silah satması, Aprel döyüşləri zamanı həmin silahlardan Ermənistana qarşı istifadə olunması, o dövrdə hakimiyyətdə olan prezident Serj Sarkisyanın ən böyük hərbi-siyasi məğlubiyyətlərindən biri idi.  Həmin vaxt rəsmi İrəvan açıq şəkildə Minsk və Moskvaya “Azərbaycana silah satmağınız müttəfiqliyimizə ziddir” mesajları versə də, adıçəkilən ölkələr Bakı ilə hərbi-siyasi əməkdaşlığı azaltmadı, əksinə artırdı. Ermənistanın “müttəfiq”lərinin İrəvana qarşı sərgilədiyi laqeyd münasibət təkcə siyasi hakimiyyədə deyil, erməni cəmiyyətində də böyük ruh düşgünlüyü yaratmışdı.

Xüsusilə qeyd etmək lazımdır ki, KTMT üzvləri Aprel döyüşləri zamanı Ermənistana qarşı göstərdiyi laqeyd münasibəti 44 günlük Vətən Müharibəsi zamanı da sərgilədi. Rəsmi İrəvan KTMT üzvlərinə Qarabağda həyata keçirilən əməliyyatları Ermənistan ərazisinə müdaxilə kimi təqdim etməyə çalışsa da, hərbi alyansa daxil olan bütün dövlətlər yektilliklə bu mövqeyi ortaya qoydular: “Qarabağ münaqişəsi Azərbaycanın daxili işidir və Ermənistan ərazisinə heç bir hərbi müdaxilə yoxdur”. 
Hətta Ermənistanın ən çox ümid bəslədiyi, daim ermənilərin havadarı rolunda çıxış edən Rusiya da 44 günlük Vətən Müharibəsi dövründə bitərəf mövqe nümayiş etdirdi və rəsmi İrəvanın planlarını pozdu. Azərbaycan indi də Belarus və Rusiyadan milyardlarla dollarlıq silah alır, hərbi-siyasi əlaqələrini genişləndirir.

Maraqlı məqamlardan biri ondan ibarətdir ki, nə Ermənistanın keçmiş, nə də hazırki hakimiyyəti KTMT-ya üzv olan dövlətlərə dərin dostluq münasibəti, hərbi-siyasi əməkdaşlıq qura bilməyib. Bir sözlə, Ermənistan KTMT-dakı “müttəfiq”lərindən heç bir zaman istədiyi dəstəyi ala bilməyib.  KTMT üzvü olan dövlətlərin hər biri Ermənistandan fərqli olaraq, Azərbaycana ciddi münasibət sərgiləyir, rəsmi Bakının siyasi çəkisini anlayır və onunla hesablaşır. Alyans üzvləri anlayır ki, Ermənistan heç bir potensialı olmayan, üzərinə düşən öhtəlikləri yerinə yetirməyən, ciğal siyasətə önəm verən ölkədir. Amma Azərbaycanın öz müttəfiqlərinə sədaqətli olması, öhtəliklərini yerinə yetirməsi, yerləşdiyi region, iqtisadi və siyasi potensialı, həmçinin 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbə, döyüşlərdə müasir hərbi texnikadan istifadə bacarığının nümayiş etdirilməsi rəsmi Bakı ilə əməkdaşlığı daha cəlbedici edir.  

Təbii ki, Azərbaycanın Ermənistanla eyni hərbi alyansda təmsil olunan Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistanla yaxşı siyasi-iqtisadi əlaqələr qurması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu diplomatik siyasətdir.

Elvin Məmmədov
Missiya.Az




  • 26-08-2022, 15:28