AZ   |   RU
İçimizdəki xainlərin postmüharibə tezisləri də iflasa uğradı – Bəs deyirdilər Laçını həmişəlik itirmişik? – BİZİM ŞƏRH

Azərbaycan Prezidentinin siyasətini şübhə altına alan satqınlar məkirli planlarını heç vaxt həyata keçirə bilməyəcəklər!
 
Laçın qaytarıldı, Xankəndi yolundayıq, Zəngəzur da Azərbaycandır!
 
Qarabağın işğalına birbaşa səbəb olan siyasi qüvvələr 30 ilə yaxın müddətdə münaqişənin həll olunacağına, Azərbaycanın qələbə qazanacağına heç vaxt inanmadılar. 90-cı illərin əvvəllərində ölkəni işğalla, separatçıların məkirli planları ilə, iqtisadi və siyasi böhranla üz-üzə qoyub qaçanlar ötən müddət ərazində cəmiyyətə hər vəchlə təbliğ etməyə çalışırdılar ki, siyasi hakimiyyət Qarabağın azad olunmasında maraqlı deyil, işğal sonsuza qədər davam edərək və bölgə daim ermənilərin nəzarəti altında qalacaq. Bir sözlə, 30 il ərzində daxildəki anti-milli qüvvələr həm Ermənistan hakimiyyəti, həm də xaricdəki erməni lobbisi ilə paralel işlədi və çalışdılar ki, Azərbaycan cəmiyyətinə ruh düşgünlüyü, siyasi hakimiyyətə və orduya inamsızlıq aşılasınlar.
 
Amma nə baş verdi?
 
Əminliklə deyə bilərik ki, həmin qüvvələr nə müharibənin başlamasını, nə də Azərbaycanın qələbəsini istəyirdilər. Hətta Ermənistanda hakimiyyət dəyişəndən sonra  Azərbaycanda da “inqilabi” prosesin başlayacağına özlərində inam yaratmışdılar. Qurduqları illyuziyalara inananlar müharibədən əvvəl hakimiyyətə qarşı ciddi təzyiqlər göstərməyə, müəyyən dəyişikliklərə nail olmağa da cəhd göstərirdilər. Düşünürdülər ki, Ermənistanda baş verən proseslər Azərbaycana da sıçrayacaq və bununla da, Qarabağ münaqişəsi daha da uzanacaq. Təbii ki, daxildəki satqınların əsas hərəkətverici qüvvəsi işğalın uzanmasında maraqlı olan erməni lobbisi idi.
 
Dövlət isə ötən dövr ərzində üzərinə düşən vəzifəni uğurla yerinə yetirdi, prezident İlham Əliyevin rəhbərliyi altında Qarabağın azadlığı üçün həm siyasi, həm iqtisadi, həm də uğurlu hərbi manevrlər edildi.
 
Nəticədə Azərbaycan dövləti və cəmiyyəti 44 gün ərzində həmin qüvvələrə sübut etdi ki, anti-milli qüvvələrin ermənilərlə birləşib apardığı anti-milli təbliğat heç bir nəticə verməyib və xalqımızın Qarabağın azadlığına inamı zərrə qədər də azalmayıb.
Torpaqlarımız düşmən tapdağından azad olunduqdan sonra belə, bu milli satqınlar öz çirkin niyyətlərindən geri çəkilmədilər. Manipulyasiyaya meyilli, daha asan təsir altına düşən bir qrup insanda post-müharibə dövrünün yaratdığı çətinliklərdən istifadə edərək, inamsızlıq yaratmağa davam etdilər. Həmin qüvvələr insanları əsasən bədbin mesajlara kökləməkdə ustalıq nümayiş etdirirlər. Nə qədər absurd və gülməli səslənsə də, aşağıdakı yalan “arqumentlərə” uyanlar da az deyil. 
 
Vətən Müharibəsində şəhid olan hərbçilərin sayı daha çoxdur;
 
10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanatın heç bir əhəmiyyəti yoxdur;
 
Rusiya sülhməramlılarının ermənilərin yaşadığı bölgələrə yerləşdirilməsi həmin bölgənin tam itirilməsi ilə nəticələnəcək;
 
Sülhməramlılar Azərbaycanın tələblərini yerinə yetirmir;
 
“Laçın dəhlizi” daim ermənilərin nəzarətində qalacaq;
 
Laçın şəhəri Azərbaycana təhvil verilməyəcək;
 
Xankəndi və ətraf  ərazilərə Azərbaycan Ordusu heç vaxt daxil ola bilməcəyək;
 
“Zəngəzur dəhlizi”i açılmayacaq;
 
Keçmiş qaçqınlar öz doğma torpaqlarına köçmək istəmirlər;

 
Nə qədər acı olsa da, bizdən olanların, sapı özümüzdən olan baltaların Qarabağ münaqişəsinin həll olunmadığını təbliğ etməyə çalışdıqları açıq-aşkar göz önündədir. Proses həm xaricdəki, həm də daxildəki satqın “azərbaycanlılar” tərəfindən sistemli şəkildə həyata keçirilir.
 
Postmüharibə dövründə aparılan sistemli Qarabağ siyasəti və satqınların iflasa uğrayan planı
 
Dövlətin postmüharibə dövründəki Qarabağ siyasətinə nə qədər kölgə salmağa çalışsalar da, bölgənin gələcəyinə dair bədbin mesajlar versələr də, yenə Azərbaycanın siyasi rəhbərliyini hədəflərindən döndərə bilməyəcəklər. Azərbaycanın əlini gücləndirən səbəblərin kökündə dövlətin Qarabağla bağlı bütün prosesi beynəlxalq hüquqa və rəsmi sənədlərə uyğun şəkildə aparmasıdır.
 
Əgər 10 noyabr 2020-ci ildə imzalanan üçtərəfli bəyanata Laçının və bölgədən keçən dəhlizin Azərbaycana təhvil veriləcəyi ilə bağlı bəndlər yer almasaydı, proses bugünki qədər asan olmayacaqdı. Məsələn, hər hansı beynəlxalq güc Azərbaycanın postmüharibə dövründə Qarabağla bağlı həyata keçirdiyi siyasətə qarşı çıxırsa, 10 noyabr üçtərəfli bəyanatı və ondan sonra Brüssel və Moskvanın vasitəçiliyi ilə imzalanan sənədlər həmin siyasi qüvvənin qarşısına qoyulur və susdurulur. 

Təbii ki, Azərbaycan postmüharibə dövründə Qarabağla bağlı həyata keçirdiyi siyasətə bölgədəki separatçıların müqavimət göstərəcəyini əvvəlcədən analiz edir və hər bir maneəyə əvvəlcədən hazırlıq görür. Məsələn, Laçının boşaldılmasını, dəhlizin təhvil verilməsini uzatmağa çalışan separatçılara avqustun əvvəlində həyata keçirilən “Qisas” əməliyyatı ilə cavab verildi. Bu əməliyyatdan sonra Laçın şəhərinin, şəhər ətrafındakı kəndlərin, həmçinin dəhlizin Azərbaycana təhvil verilməsi prosesinə başlanıldı.  Deməli, Azərbaycan Dövlətinin atdığı bütün addımlar dəqiq hesablamalara söykənir, risklər nəzərə alınır və istənilər forsmajor situasiyalara əvvəlcədən hazırlıq görülür.
 
İndi həmin qüvvələrə sual olunur: Bəs deyirdiniz üçtərəfli bəyanatın heç bir əhəmiyyəti yoxdur? Bəs sülhməramlılar Azərbaycanın tələblərini yerinə yetirmirdi?.. Təbii ki, onlar bu sualların qarşısında aciz vəziyyətə düşəcəklər!
 

Görünən odur ki, satqınların Qarabağ ətrafında qurmaq istədiyi şou bu dəfə də iflasa uğradı. Düzdür, bölgəyə müvəqqəti yerləşdirilən sülhməramlıların ərazidən çıxarılmayacağına, Xankəndidə Azərbaycan vətəndaşlarının yaşamayacağına, polisimizin, hərbçilərimizin heç vaxt orada xidmət apara bilməyəcəyinə, “Zəngəzur dəhlizi”nin açılmayacağına inananlar hələ də var. Daha doğrusu, milli satqınlar indi də bu məsələlərlə bağlı “proqnozlar” verirlər. Amma Azərbaycanın qəti mövqeyi, siyasi və hərbi təzyiq metodları bir daha göstərir ki, Qarabağla bağlı qurulmuş siyasət heç vaxt kortəbii şəkildə aparılmayıb, bütün proseslər prezident İlham Əliyevin birbaşa rəhbərliyi altında, rəsmi sənədlərə və beynəlxalq hüquqa əsaslanaraq həyata keçirilir.
 
Bu məqamda prezident İlham Əliyevin İsmayıllı rayonunun Basqal qəsəbəsində Azərbaycan Televiziyasına verdiyi müsahibəsində Azərbaycanın strateji hədəfləri ilə bağlı səsləndirdiyi bir sitatı yada salaq: “Biz öz torpağımızda istənilən əməliyyatı istənilən zaman apara bilərik. Sadəcə olaraq, “Qisas” əməliyyatının çox təsirli, ancaq qısamüddətli olması onu göstərir ki, bizim gücümüz də yerindədir, eyni zamanda, biz yeni müharibə istəmirik. Çünki İkinci Qarabağ müharibəsi gücümüzü göstərdi və biz istədiyimizə hərbi və ondan sonra hərbi-siyasi yollarla nail olduq. Digər arzularımıza da çatacağıq, zaman gələndə onlara da çatacağıq. Bizim gündəliyimizdə həm taktiki, həm strateji addımlarımızın təsbit edilməsi reallıqdır. Əminəm, Ermənistan da bilir ki, biz bilirik nəyi nə vaxt etmək lazımdır və nəyi deyiriksə, onu da edirik”.

Demək ki, dövlətin daha böyük strateji hədəfləri var!
 
Yəni, daxili və xarici bədniyyətli qrupların həyata keçirdiyi təxribatçı planlardan asılı olmayaraq, Azərbaycan öz hədəflərinə doğru uğurla addımlayır. Azərbaycan xalqı çox yaxın zamanlarda “Zəngəzur dəhlizi”nin açılmasına, Naxçıvana dəhliz vasitəsi ilə səfərlərin təşkil olunacağına, ən nəhayət Xankəndiyə və Xocalıya Böyük Qayıdışa şahidlik edəcək. Buna heç kəsin şübhəsi olmasın!
 

Görəsən onda milli satqınların deməyə sözü olacaqmı?
 
Elvin Məmmədov
Missiya.Az


  • 22-08-2022, 17:54