AZ   |   RU
Azərbaycanda turizmin inkişafı üçün yeni layihələr uğurla icra olunur

Turizmin inkişafı Azərbaycanda dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilməklə iqtisadi tərəqqi və yüksəlişin mühüm amilidir.

Ümummilli liderimiz Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu potensialı düzgün qiymətləndirərək kifayət qədər investisiya tələb edən turizmin tənəzzüldən çıxarılması və inkişafı üçün kompleks tədbirlər həyata keçirmişdir. Ulu öndərimizin möhkəm təməl üzərində əsasını qoyduğu sosial-iqtisadi siyasət strategiyası nəticəsində Azərbaycanın maliyyə imkanlarının ildən-ilə yaxşılaşması turizm sahəsində uğurlu islahatların aparılmasına imkan yaratmışdır. Turizmin inkişaf tendensiyası ilk növbədə ölkənin ali qanunvericilik aktlarında öz əksini tapmışdı. 1999-cu ildə Milli Məclisdə “Turizm haqqında” qanun qəbul edilmiş, 27 iyul 1999-cu ildə ulu öndər Heydər Əliyev “Turizm haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” fərman imzalamışdır.

2001-ci ilin sentyabr ayının 25-də Cənubi Koreya Respublikasının paytaxtı Seul şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) XIV Baş Assambleyasında Azərbaycan Respublikası bu beynəlxalq turist təşkilatına üzv qəbul olunmuşdur. 

Hər il Azərbaycanda da 27 sentyabr Turizm Günü kimi qeyd olunur. Prezident İlham Əliyevin 2016-cı il sentyabrın 1-də imzaladığı Sərəncama əsasən Dünya Turizm Günü ölkəmizdə “Turizm işçiləri günü” kimi də qeyd olunur. 

Son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı genişmiqyaslı işlərin görülməsi, böyükhəcmli layihələrin həyata keçirilməsi, Azərbaycanın ayrı-ayrı bölgələrində müasir tələblərə cavab verən istirahət mərkəzlərinin, hotellərin inşası, yol-nəqliyyat infrastrukturunun yaradılması həm xarici, həm də yerli turistlərin bölgələrimizə marağını artırıb. Əldə edilən nəticələr və ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması da onu göstərir ki, bu istiqamətdə dövlət və özəl sektor tərəfindən atılan addımlar öz səmərəsini verir.

Azərbaycanın regionlarında turizmin inkişafına dövlət dəstəyinin davam etdirilməsi nəticəsində son illərdə tarixi və mədəni abidələrlə zəngin olan yerlərdə turistlərin rahat gediş-gəlişinin, istirahətinin lazımi şəkildə təşkili üçün yeni infrastrukturun yaradılması sahəsində xeyli işlər görülüb. Bu sahədə İsmayıllı rayonu xüsusilə seçilir. Turizm sahəsində İsmayıllı rayonunda da son illərdə bir sıra layihələr həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionlara növbəti səfəri çərçivəsində İsmayıllı rayonunun qədim tarixi Basqal kəndində yeni otelin açılış tədbirində iştirak edib. Regionun, eləcə də Azərbaycanın turizm sahəsində bu qədim kəndin turist cəlb etmə potensialı daha yüksəkdir.

Basqal ölkəmizin qədim kəndlərindən biridir. Bu yerin tarixi siması qorunmalıdır, eyni zamanda, burada yaşayan insanlar üçün daha yaxşı şərait yaradılmalıdır, iş yerlərinin açılması üçün yeni imkanlar olmalıdır. Basqal qəsəbəsində 179 otaqlı müasir otelin açılışı bölgənin turizm potensialını böyük dərəcədə genişləndirəcək. Basqaldakı oteldə 300-ə yaxın iş yeri açılır və orada işləyənlər də yerli sakinlərdır.

Qeyd edək ki, Basqal kəndində yeni turizm obyektinin açılışı Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 3 oktyabr tarixli Sərəncamına əsasən, 2018-2023-cü illəri əhatə edəcək 5 illik “Böyük Basqal” konsepsiyasına əsasən həyata keçirilən layihələrdən biridir. 
 
Laura Quliyeva
Nizami Mədəniyyət Mərkəzinin direktoru


  • 16-08-2022, 14:51