AZ   |   RU
"Qarabağ" ilk turda qalib gələrək turnir cədvəlinin liderinə çevrilib
"Qarabağ" futbol üzrə Azərbaycan Premyer Liqasına qələbə ilə start verib.

Missiya.Az xəbər verir ki, son çempion ilk tur matçıda "Azersun Arena"da "Səbail"i qəbul edib.

Görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 42-ci dəqiqədə "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu Musa Qurbanlı açıb.

Fasiləyə əlavə olunmuş 2-ci dəqiqədə komandanın digər hücumçusu Ramil Şeydayev penaltidən fərqi artırıb.

Meydan sahibləri fasiləyə 2:0 hesablı üstünlüklə yollanıb.

İkinci yarıda da üstün tərəf Ağdam komandası olub.

Şeydayev 47-ci dəqidə özünün dublunu, komandasının 3-cü qolunu rəsmiləşdirib.

Bununla belə, "dənizçilər" meydana sonradan daxil olmuş gənc Elmir Tağıyevin uzaqdan vurduğu zərbə ilə hesab arasındakı fərqi azaltmağa müvəffəq olub. Bu qol vurulanda tablo 71-ci dəqiqəni göstərib.

Qarşılaşmada başqa qol olmayıb və "Qarabağ" 3 xalla turnir cədvəlinin liderinə çevrilib.

Qurban Qurbanovun komandası Rəşad Sadıqovun baş məşqçisi olduğu "Zirə"ni top fərqində qabaqlayır.

Xatırladaq ki, turun açılış matçında "Kəpəz" "Dalğa Arena"da "Zirə"yə 1:2 hesabı ilə uduzub.

Qeyd edək ki, tura avqustun 7-də "Şamaxı" – "Neftçi" və "Sabah" – "Sumqayıt", avqustun 8-də isə "Turan Tovuz" – "Qəbələ" görüşləri ilə yekun vurulacaq.

  • 6-08-2022, 22:07