AZ   |   RU
Mərkəzi Bank növbəti dəfə uçot dərəcəsini sabit saxlayıb
 
Azərbaycan Respublikası Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) qərarı ilə uçot dərəcəsi 7.75% olaraq saxlanılıb. 

Missiya.Az xəbər verir ki, bu barədə "APA-Economics"ə AMB-dən bildirilib.

AMB faiz dəhlizinin aşağı həddini 6.25%, yuxarı həddini isə 9.25% səviyyəsində dəyişməz saxlayıb.

Bildirilib ki, pul siyasətinə həsr olunmuş ötən toplantıdan bəri faktiki və proqnozlaşdırılan inflyasiyaya həm azaldıcı, həm də artırıcı amillərin təsiri müşahidə edilib. Bəzi tərəfdaş ölkələrdə milli valyutaların əlavə ucuzlaşması nəticəsində manatın nominal effektiv məzənnəsinin möhkəmlənməsi, iyunda dünya ərzaq qiymətlərinin dinamikasını və təchizat-logistika xərclərini xarakterizə edən göstəricilərin azalması inflyasiyaya azaldıcı təsir göstərən amillərdir.

Lakin məcmu tələbin genişlənməsi son illər artan xərclərin daxili inflyasiyaya ötürülməsinə şərait yarada bilər. Kredit aktivliyinin effektiv tənzimlənməsi məqsədilə qəbul edilmiş makroprudensial qərarların həm də məcmu tələbə azaldıcı təsir edəcəyi gözlənilir.

Müxtəlif amillərin çoxistiqamətli təsirləri şəraitində inflyasiya proqnozu demək olar ki, dəyişməz saxlanılıb. İnflyasiyanın mövcud dinamikasının davam edəcəyi halda ilin sonuna inflyasiyanın cari səviyyədən aşağı olacağı proqnozlaşdırılır.


Baxış sayı: 123
  • 29-07-2022, 10:48