Yanacağın qiymətinin hər keçən gün mülayim templə artması artıq təkcə Avropada deyil, bütün dünyada ciddi müzakirə mövzusuna çevrilib.Avropa ölkələrində 2022-ci ilin yanvar-fevral aylarında benzinin pərakəndə satış qiyməti orta hesabla təxminən 7% artıb.
Fuelo.net platformasının məlumatına görə, yanacaqdoldurma məntəqələrində Aİ-95-in bir litrinin qiyməti iki ayda ən çox Rumıniyada - 14,2% artaraq 1,41 avroya çatıb. Ən yüksək qiymətlər Hollandiyada qeydə alınıb, martın 1-də Aİ-95-in bir litrinin qiyməti 2,15 avro təşkil edib, bu ilin əvvəli ilə müqayisədə 5,4% çoxdur. İtaliyada 1 litr orta hesabla 1,99 avro (+8,5%), Yunanıstanda - 1,89 avro (+8,3%), Almaniyada (+9,8%), Portuqaliyada (+8,2%) və Fransada (+10,6%) - 1,88 avroya başa gəlir. Böyük Britaniyada isə 1,81 (+3,4%) avrodur.Bəs Azərbaycanda bu məsələ necə tənzimlənir? Yanacağın qiymətinin qalxması ilə bağlı yayılan məlumatlar yalnız gözlə gördüyümüz rəqəmlər əsasında, kortəbii təhlil olunmamalıdır? Əlbəttə ki, yox. Doğrudur, sadə vətəndaş çox vaxt dərininə getməyi lüzum bilmir və yalnız ödəniş çekindəki qiymətlə maraqlanır.
Lakin bunları bilməkdə fayda var. Bütün qlobal təlatümlərə baxmayaraq, ölkənin sabitliyini qoruyub saxlayan dövlətimiz bu məsələdə də ilk olaraq vətəndaşını düşünür və bu balansı qoruyub saxlamaqdadır.Azərbaycanın daxili bazarında Aİ-95 və Aİ-98 markalı benzin istehsal olunmadığı üçün, analoji benzin növləri ölkəyə idxal edilir. İdxal qiymətləri isə xarici bazarlardakı qiymət dinamikasından, habelə nəqliyyat xərclərindən asılı olaraq mütəmadi olaraq dəyişir.
2020-ci ilin fevral-may ayları arasında Aİ-95 markalı benzinin pərakəndə satış qiyməti 1,50 AZN/litrdən 1,10 AZN/litrə qədər azaldılıb.
Bayden: ABŞ vətəndaşları yanacaq və yemək üçün “Putin vergisi” ödəyirlər Azərbaycanla bağlı statistikaya keçmədən öncə hazırda yanacaqla bağlı böhran keçirən ABŞ-ın prezidenti Jozef Baydenin ötən ayın 11-də verdiyi “yanacaq açıqlamasına” diqqət yetirək.
“Rekord inflyasiya və ABŞ -da yanacaq qiymətlərinin əhəmiyyətli dərəcədə artması Ukraynaya yardımın gözlənilən yan təsiridir. Biz Ukraynaya kömək etmək qərarına gələndə, demişdim ki, bu da bizə baha başa gələcək. Bu, Qərb ölkələrinə baha başa gələcək, NATO-ya baha başa gələcək. Bu, Avropa ölkələrinə və bizə sərf etməyəcək. Hamı bilirdi, nə olacaqdı: benzinin qiyməti, neftin qiyməti qalxmalı, ərzaqların qiyməti qalxmalı idi”.
Baydenin sözlərinə görə, onun administrasiyası ölkədə benzinin qiymətini aşağı salmağa çalışır. O hesab edir ki, ABŞ-ın gələcək üçün yaxşı perspektivləri var.
Amerikalılar inflyasiyadan narahat olsalar da, Amerika lideri ABŞ-ın dünyada ən sürətlə inkişaf edən iqtisadiyyata sahib olduğunu vətəndaşlarının diqqətinə çatdırıb. Lakin yenə də bildirib ki, ABŞ vətəndaşları yanacaq və yemək üçün “Putin vergisi” ödəyirlər.Göründüyü kimi, istər Avropa, istərsə də güclü iqtisadiyyatı ilə öyünən ABŞ dünyada baş verən geosiyasi dəyişikliklərin, ən əsası koronovirus pandemiyasının yaratdığı fəsadlarla, üstəlik də Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhranla çarpışmaqdadırlar.

Azərbaycan müharibədən yeni çıxmış bir dövlət kimi bu böhrandan yan keçməyə çalışır. İşğaldan azad edilmiş torpaqlarımızın abadlaşdırılması üçün nəhəng layihələrə imza atan dövlətimiz, illərlə qaçqınlıq həyatı yaşayan vətəndaşlarımızın öz yurd-yuvasına qayıtması üçün bütün səylərini ortaya qoyub.
2021-ci ilin sentyabr ayından etibarən dünya bazarında neft qiymətləri təqribən 65% artsa da, Azərbaycanda analoji markalarda benzinin qiyməti stabil olaraq qalıb.
Müqayisə üçün qeyd edək ki, Türkiyədə 2021-ci ilin setyabr ayından etibarən Aİ-95 markalı benzinin qiyməti 3,2 dəfə, 2022-ci ilin əvvəlindən etibarən isə 93,2% artıb.
2022-ci ilin mart ayından etibarən Rusiyada Aİ-95 markalı benzinin qiyməti 77,8%, Gürcüstanda 34,8%, Qazaxıstanda 10%, Türkiyədə isə 51,7% artıb.Əhalinin sosial müdafisəsi nəzərə alınaraq, idxal qiyməti ilə pərakəndə satış qiyməti arasındakı fərq uzun zamandır dövlət tərəfindən qarşılanır. Ancaq dünya bazarında neft qiymətlərinin, habelə qlobal inflyasiyanın yüksəlməsi fonunda daşıma xərclərinin artması idxal maliyyətlərinin yüksəlməsinə, nəticədə dövlətin bu istiqamətdə yükünün artmasına səbəb olur.
Hazırda ölkədə istehlak olunan benzinin növlərinə görə bölgü aşağıdakı kimidir.
“Aİ-92” 91.0%
“Aİ-95” 8.8%
“A-98” 0.2%
Dünya bazarında neft qiymətlərinin kəskin artımı, habelə qlobal miqyasda inflyasiyanın yüksəlməsi fonunda emal xərclərinin artmasına baxmayaraq Azərbaycanda Aİ-92 markalı benzin və dizelin pərakəndə satış qiyməti əhalinin sosial müdafisəinin gücləndirilməsi məqsədilə 2021-ci ilin yanvar ayından etibarən stabil səviyyədə saxlanılır.
Bu arada, ümumilikdə ölkə üzrə yanacaq istehlakının 9%-ni Aİ-95 və Aİ-98 markalı benzin təşkil edir. Başqa sözlə, ölkədə əsasən bahalı avtomobilləri idarə edən az sayda sürücü Aİ-95 və Aİ-98 markalı benzindən istifadə edir.
Aİ-92 markalı benzin və dizel ölkə daxilində istehsal olunduğu üçün, bu növ yancaqların pərakəndə satış qiyməti daxili bazarda dövlət tərəfindən tənzimlənir.
Müqayisə üçün qeyd edək ki, Azərbaycanda dizelin pərakəndə satış qiyməti Qazaxıstandan 7,43%, Rusiyadan 102%, Gürcüstandan 236%, Türkiyədən isə 238% daha ucuzdur.
Neft ixaratcıları çətin durumda – qiymətlər Rusiya və Qazaxıstanda da artır
Rusiyalı ekspert Konstatin Simonovun fikrincə, benzinin bahalaşmasına geosiyasətlə yanaşı, Aİ ölkələrinin karbon izini azaltmaq və yaşıl enerjiyə keçmək kursu da təsir göstərir. Yığılan yanacaq vergilərinin bir hissəsi bərpa olunan enerjinin dəstəklənməsinə subsidiyalar şəklində yönəldilir. “Enerjiyə keçid məqsədləri üçün vergilərin səviyyəsinin artırılması istehlakçılar üçün benzinin qiymətinin artmasına səbəb olur.” – Simonov qeyd edir.
Eyni vəziyyət Qazaxıstanda da hökm sürür. Hələ ilin əvvəlində Qazaxıstan Respublikasının Milli bankı açıqlamasında qeyd edirdi ki: “yanacağın marjinal qiymətlərindən imtina may ayında Qazaxıstanda illik müqayisədə 14%-ə qədər sürətlənmiş istehlak inflyasiyasında əlavə amil ola bilər. Qazaxstan Respublikasının Milli Bankı pul siyasəti ilə bağlı iyun ayı hesabatında enerji qiymətlərinin artması riskini nəzərdən keçirir.
2022-ci il iyulun 1-dək yanacaq və kommunal xidmətlərin qiymətlərinin artırılmasına moratoriumun qoyulmasına baxmayaraq, təklif amillərindən inflyasiyanın sürətlənməsi riski yüksək səviyyədə qalır. Deməli, moratorium götürüldükdən sonra bu mal və xidmətlərin qiymətlərinin güclü artımı istehsalın rentabelliyini saxlamaq və investisiyaları maliyyələşdirmək zərurəti ilə mümkündür. Bu artım Qazaxıstanda digər mal və xidmətlərin istehsal xərclərinin artımında özünü göstərə bilər. Bundan əlavə, Rusiya Federasiyasına qarşı sanksiyaların mümkün təsiri səbəbindən tədarükün kəsilməsi də istehsal xərclərinin artmasına və inflyasiyanın daha da sürətlənməsinə səbəb ola bilər”.
Təbii ki, Azərbaycan bu dəfə də iqtisadi müstəqilliyini də qorumaq üçün mühüm addımlar barədə əvvəlcədən hazırlanmış güclü bir proqram həyata keçirməyi planlayır.
Belə ki, Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) modernləşdirilməsi və yenidənqurulması layihəsi çərçivəsində cari ildə Avro-5 standartına cavab verən dizel yanacağının, 2023-cü ilin ortalarından etibarən isə benzin yanacağının istehsalı nəzərdə tutulur.Modernizasiya layihəsi başa çatdıqdan sonra NEZ-in illik emal gücü 6 milyon tondan 7,5 milyona tona yüksələcək.

Alternativ enerji mənbələrinin dövrü başlayır
Digər tərəfdən, artıq Aİ-95 və Aİ-98 mühərrik yanacaqlı avtomobillər üçün alternativ olaraq sıxılmış təbii qazdan (CNG) istifadəyə keçidin zamanı gəlib çatmışdır.
Sıxılmış təbii qaz (CNG) digər yanacaq növlərinə nisbətən daha təmiz, qoxusuz və ətraf mühit üçün əlverişlidir.
Hazırda dünyada 30 milyondan çox CNG ilə çalışan nəqliyyat vasitəsi mövcuddur, bu da, dünya avtomobil parkının 2%-ni təşkil edir.
2030-cu ilə qədər qlobal CNG bazarının dəyərinin hər il orta hesabla 8,2% artacağı proqnozlaşdırılır.
Azərbaycanda fəaliyyət göstərən “Baku Bus” ictimai nəqliyyat vasitələri CNG ilə çalışır. Təbii qazla işləyən mühərriklər digərlərinə nisbətən daha dözümlü və uzunömürlü olur.
Çünki, təbii qaz daha təmizdir və mühərrikdə daha az tullantı maddəsi saxlayır. CNG mühərrikin istismar dövrünü, yağdəyişmə intervallarını uzadaraq, əlavə qənaət yaradır. Mühərrikə birbaşa qaz daxil olduğu üçün soyuq havalarda da asanlıqla yanır.
CNG ilə işləyən avtomobillərdə səs digərlərinə nisbətən 30% daha azdır.
CNG ekoloji baxımdan olduğu qədər, iqtisadi baxımdan da olduqca sərfəlidir və sürücülərin maddi qənaət etməsinə səbəb olur.
Lamiyə Rövşənqızı
Missiya.Az