AZ   |   RU
Rusiya Azərbaycanın neft kəmərlərini hədəfə götürür? - Tovuzun "bir addımlığında" yeni hərbi baza tikilir - Təhlükəli gedişat

Son günlər Ermənistan mətbuatında Rusiyanın ölkə ərazisində yeni hərbi baza tikəcəyi ilə bağlı xəbərlər tirajlanır. Ermənistanın nüfuzlu "Joxovurd" qəzeti yazır ki,  baza Dilican vilayətinin Berd rayonunun Ayqepar kəndi ərazisində tikilir. Bazanın tikildiyi ərazi Sovet dövründə hərbi uçuş-enmə zolağı olub. Məlumata görə, artıq Ermənistan hökuməti "Ermənistanın ərazisində Rusiya hərbi bazasının düzülüşünün bəndləri (məntəqələri) Haqqında" əsasnaməyə dəyişiklik etmək üçün işlərə başlayıb. "Joxovurd" qəzeti yazır ki, dəyişikliklər qüvvəyə mindikdən sonra Ermənistan və Rusiya arasında  protokol imzalanacaq. Media Ermənistanın Müdafiə Nazirliyinə “Rusiya hərbçiləri Dilicanda hərbi baza tikir?” sualı ilə müraciət etsə də, heç bir cavab ala bilməyib. 
 
Əgər hərbi bazanın tikintisi uğurla nəticələnərsə, bu Ermənistan ərazisində Rusiyanın ikinci bazası olacaq. Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası 1 sentyabr 1994-cü il tarixində keçmiş SSRİ Silahlı Qüvvələrinin 7-ci ordusunun 127-ci motoatıcı diviziyasının bazasında yaradılıb. Hazırda şəxsi heyətinin 4000 nəfər olduğu bildirilən hərbi bazanın döyüş heyəti İrəvan və Gümrü qarnizonundan ibarətdir. İrəvan qarnizonuna İdarəetmə Qrupu, 123-cü motoatıcı alay, 3624-cü aviasiya bazası, hospital, mənzil-təchizat hissəsi, qarnizon məhkəməsi və rabitə mərkəzi daxildir. 
 
Təbii ki, Ermənistanın daxili və xarici siyasətinə nəzər salsaq görərik ki, ölkə ərazisində hansısa xarici gücün mövcudluğunda təəccüblü məqam yoxdur. Amma hazırda Dilican vilayətinin Berd rayonunun Ayqepar kəndində itilməkdə olan Rusiya hərbi bazası ətrafında Azərbaycan cəmiyyətini maraqlandıran və narahat edən bir çox suallar mövcuddur. Çünki hərbi baza Azərbaycanın Ermənistanla sərhəddə yerləşən Tovuz rayonunun Əlibəyli kəndindən 1 kilometr məsafədə - ölkəmizin beynəlxalq neft-qaz kəmərlərinə yaxın ərazidə inşa olunur. 

 
Moskvanın Ermənistanda hərbi yerləşmə coğrafiyası, tikilən hərbi bazanın Qərbin və Azərbaycanın maraqlarına yaratdığı təhdidlər barədə Missiya.Az-a danışan siyasi analitik Asif Nərimanlı bildirib ki, Rusiyanın bu addımının əsas məqsədi NATO-ya qarşı müdafiə xəttini genişləndirməkdir.
 
“Rusiya Ermənistanda hərbi mövcudluğunu artırmaqdan daha çox, hərbi yerləşmə coğrafiyanı genişləndirir. 44 günlük müharibədən sonra 102-ci hərbi bazanın bir hissəsinin Zəngəzur bölgəsinə köçürülməsi qərarı verildi. Son addımlar göstərir ki, artıq bu istiqamətdə addımlar atılır və 102-ci hərbi bazadakı rus hərbi birliklərin müəyyən hissəsi həm Azərbaycanla, həm də Naxçıvan Muxtar Respublikası ilə sərhədə köçürülür. Rusiyanın bu addımının əsas məqsədi NATO-ya qarşı müdafiə xəttini genişləndirməkdir. Gümrüdəki bazanın missiyası Türkiyə ilə, yəni NATO-nun bölgədə varlığına qarşı müdafiə olub. 44 günlük müharibə və sonrasında Türkiyə Cənubi Qafqaza Azərbaycan üzərindən daha aktiv şəkildə daxil oldu. Bölgədə Ankara və Moskvanın uzlaşdığı, təsir imkanlarının paylaşdırıldığı məlumdur və hər iki ölkə bu bölgədə toqquşmaqdan daha çox, uzlaşmaqda maraqlıdır. Lakin Rusiya Türkiyənin Azərbaycanda güclənməsini həm də NATO-nun bölgədə güclənməsi olaraq qəbul edir. 102-ci hərbi bazanın bir hissəsinin Azərbaycan sərhədlərinə dislokasiya edilməsinin əsas hədəflərindən biri də budur.”

Asif Nərimanlı vurğulayıb ki, Moskvanın Azərbaycan-Ermənistan dövlət sərhəddinə yaxın ərazidə baza tikməsinin məqsədlərindən biri açılması planlaşdırılan və Rusiyanın Ermənistana Gürcüstan marşrutu ilə çıxışına alterantiv olacaq Qazax-İcevan yoluna nəzarət imkanını artırmaqdır. 
 
“Rus hərbi qüvvələrinin bir hissəsinin Berd rayonuna, Azərbaycanla sərhədə yerləşdirilməsi qeyd etdiyim əsas hədəflə yanaşı, bir neçə məqsədi də var. Birincisi, bölgədə kommunikasiyanın açılması prosesində Qazax-İcevan yolu da aktualdır və Rusiyanın marağında olan yollardan biri də buradır. Çünki bu yol Rusiyanın Ermənistana Gürcüstan marşrutu ilə çıxışına alternativ qazanmaq imkanı verəcək. Gürcüstan üzərindən çıxışın həm logistika baxımından çətinliyi var, həm də Tiflisin Qərbyönümlü siyasəti bu marşrutun perspektivini həmişə risk altına salır. Bu baxımdan, Rusiya Qazax-İcevan yolunun açılmasında maraqlıdır. Berd rayonuna yerləşdirilən rus hərbi birlikləri bu yolun təhlükəsizliyini təmin edə bilərlər. İkincisi, Berd rayonu həm də Ermənistanın Şimal-Cənub magistral yolunun üzərində yerləşir. Bu yol Gürcüstan və İran arasında Ermənistan üzərindən bağlantı yaratmaq imkanı verir. Görünür, Rusiya İrəvanın alternativ çıxışları üzərində də nəzarəti ələ almaq istəyir.”

“Rusiyanın Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, TANAP və bu kimi digər transmilli neft-qaz kəmərlərinin keçdiyi Tuvuz rayonu ərazinə yaxın bölgədə hərbi baza inşa etməsi ölkəmizin enerji təhlükəsizliyinə hər hansı təhdid törədirmi?” sualını cavablandıran siyasi analitik bildirib ki, Moskva Avropanın marağında olan enerji layihələrinə yaxın bölgəyə hərbi qüvvə yerləşdirməklə Qərbin maraqlarına təhdid yaradır, həmçinin “köhnə qitə” güclərinin Bakı ilə enerji müzakirələrində “təzyiq rıçağı” kimi istifadə oluna bilər. 
 
“Birbaşa təhdidin olacağını düşünmürəm. Hərbi taktika baxımından da həmin istiqamətdə vəziyyət ordumuzun nəzarətindədir. Lakin bu, siyasi təhdid yarada bilər. Yəni Rusiya hərbi qüvvələrini enerji xətlərinin keçdiyi bölgəyə yaxınlaşdıraraq, Bakı ilə enerji müzakirələrində “təzyiq rıçağı” əldə edə bilər. Ukrayna müharibəsindən sonra Avropanın enerji bazarı uğrunda mübarizə qızışıb və avropalıların alternativ kimi gördüyü qapılardan biri Azərbaycandır. Azərbaycan Avropa bazarında Rusiya ilə rəqabət aparmır, amma Moskva bazarda mövqelərin istənilən yerdəyişməsinə qarşıdır. Avropanın marağında olan enerji layihələrinə yaxın bölgəyə hərbi qüvvə yerləşdirməklə Qərbin maraqlarına təhdid yaradır.”
Asif Nərimanlı bildirib ki, Vətən müharibəsindən öncə baş verən və “Tovuz döyüşləri” kimi də tarixə düşən təxribatın də hədəfi Azərbaycanın bu bölgəyə yaxın keçən enerji xətləri idi.
 
“Təbii ki, əsas diqqətçəkən məqam dislokasiya olunan hərbi qüvvələrin Tovuzla yaxın bölgəyə yerləşdirilməsidir. Vətən müharibəsindən öncə baş verən və “Tovuz döyüşləri” kimi də tarixə düşən təxribatın hədəfi Azərbaycanın bu bölgəyə yaxın keçən enerji xətləri idi. Ermənistan bu istiqamətdə strateji yüksəkliyi ələ keçirmək və enerji xətlərinə təhlükə yaratmaq istəyirdi, istisna deyildi ki, bu prosesdə Rusiyanın da maraqları var idi. İndi həmin bölgəyə rus qüvvələrinin yerləşdirilməsinin enerji xətlərinə təsir etmək məqsədi daşıması da hədəflərdən biri ola bilər.”

Elvin Məmmədov
Missiya.Az

 

Q
  • 8-07-2022, 19:10