Azərbaycan Gürcüstanla regionun azad iqtisadi zonalarını birgə təşviq edəcək.
Missiya.Az xəbər verir ki, bu barədə “Hualing” Azad Sənaye Zonasının icraçı direktoru
Soso Nibladze “Business Media” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Ələt Azad İqtisadi Zonası ilə imzalanmış memorandum tərəflər arasında fəal əməkdaşlığı nəzərdə tutur: “Biz ilk növbədə investisiya bazarlarında regionun azad iqtisadi zonalarını birgə təşviqi üzrə fəaliyyət göstərəcəyik. Sənədə əsasən, imicin formalaşdırılması üzrə birgə işlər aparılacaq və qarşılıqlı təcrübə mübadiləsi də həyata keçiriləcək”.
S.Nibladze Ələt Azad İqtisadi Zonasının inkişafı ilə bağlı kifayət qədər iddialı planların olduğunu deyib. O qeyd edib ki, Azərbaycan hökuməti zonanın inkişafı və istismara verilməsi üzrə işləri özü həyata keçirir.
İcraçı direktor “Hualing” Azad Sənaye Zonasının uzun illərdir Azərbaycanın sahibkarlıq sektoru ilə əməkdaşlıq etdiyini bildirib: “Zonada 10-a yaxın şirkət fəaliyyət göstərir. Ələt Azad İqtisadi Zonası ilə memorandumun imzalanması faktı iki ölkənin iqtisadi zonalarının qarşılıqlı əməkdaşlığa yüksək marağının göstəricisidir”.
Ələt Azad İqtisadi Zonası ilə “Hualing Kutaisi” Azad Sənaye Zonası arasında əməkdaşlıq memorandumu iyunun 29-da Bakıda Azərbaycan-Gürcüstan biznes forumu çərçivəsində imzalanıb.