İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan ABŞ-ın Tehranın nüvə proqramı ilə bağlı fikirlərində hər hansı dəyişiklikliyin olmadığını, danışıqlara yeni yanaşma gətirmədiyini deyib.
Missiya.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Abdullahiyan ABŞ-ı Qətərdə keçirilən nüvə sazişinin maddələrinin yerinə yetirilməməsində günahlandırıb.
Tehran administrasiyasının ümumilikdə Dohadakı danışıqları müsbət qiymətləndirdiyini təkrarlayan Abdullahiyan deyib: "ABŞ tərəfinin Dohadakı mövqeyinin danışıqların əvvəlindəki siyasi fikirlər ilə eyni qalmağını düzgün hesab etmirik, yeni yanaşmalar sərgilənməlidir”.
“Fars” Xəbər Agentliyinin məlumatına görə isə, İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan Dohada keçirilən zirvəni müzakirə etmək üçün fransalı həmkarı Ketrin Kolonna ilə telefonla danışıb. İranlı nazir ölkəsinin verdiyi vədləri yerinə yetirdiyini və qarşı tərəfin öhdəliklərini yerinə yetirməsini gözlədiklərini qeyd edib.
Fransanın xarici işlər naziri Kolonna da danışıqların davam etdirilməsi və İrana qarşı sanksiyaların aradan qaldırılmasının vacibliyini vurğulayıb. "Biz dialoq və danışıqlar üçün fürsətdən istifadə etməli və bütün tərəfləri qane edən razılaşma əldə etməyə çalışmalıyıq", - Kolonna bildirib.
Teymur Aslanov
Missiya.Az