AZ   |   RU
Paşinyana qarşı ifşaedici faktlar açıqlanacaq – Keçmiş Baş Qərargah rəisində hansı gizli qeydlər var?

Ermənistanın keçmiş Baş Qərargah rəisi Onik Qasparyan Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hökuməti ifşa edəcək faktlar açıqlamağa hazırlaşır.

Missiya.Az xəbər verir ki, bu barədə Ermənistanın “hayeli.am” saytı öz mənbələrinə istinadən məlumat yayıb. Mənbənin iddiasına görə, Onik Qasparyanın məqsədi siyasətə gəlməkdir və onun proseslərə qoşulması “partlayışsız” ötüşməyəcək. Sitat: “Bir çox siyasi qüvvələr Qasparyanla danışıqlar aparır. Onu niyyətindən çəkindirməyə çalışırlar. Yaxın günlərdə hər şey bəlli olacaq. Qasparyanda partlayış effekti yaradacaq qeydlər var. Onun siyasətə gəlişi “partlayışsız” olmayacaq”, - mənbə belə qeyd edib.

Qasparyan, rəsmi görüşlərlə bağlı onun əlində olan protokolların və yazıların səlahiyyətlilərin əlinə keçə biləcəyindən qorxur. Keçmiş Baş Qərargah rəisi təhlükəsizlik səbəbi ilə ifşaedici məlumatları etibarlı yerdə saxlayır. İddia olunur ki, yalnız Qasparyan deyil, yaxın gələcəkdə komanda heyətinin bəzi üzvləri səlahiyyətlərə qarşı sensassiyalı məlumatlar yayacaqlar. Ehtimal olunur ki, keçmiş Baş Qərargah rəisinin açıqlayacağı ifşaedici faktların böyük hissəsi İkinci Qarabağ Müharibəsinə aiddir.

Qeyd edək ki, bir müddət əvvəl Nikol Paşinyan Qarabağ müharibəsi zamanı “İskəndər” raketlərindən istifadə edildiyini, amma raketlərin 10 faiz partladığı barədə verdiyi açıqlamadan sonra ordu ilə hökumət arasında böhran yaranmışdı. Bu qalmaqaldan sonra Onik Qasparyan Nikol Paşinyanın istefasını tələb etmişdi. Baş nazir isə Qasparyanın bu tələbini dövlət çevrilişinə cəhd adlandıraraq, prezident Armen Sarkisyana Baş Qərargah rəisinin istefaya göndərilməsi ilə bağlı ərizə təqdim etmişdi. Amma Sarkisyan Paşinyanın istefa ilə bağlı göndərdiyi hər iki ərizəni təsdiqləməmişdi. Nəhayət Baş Qərargah rəisinin istefası ilə bağlı məsələləyə Konstitusiya Məhkəməsinin qərarı ilə son qoyuldu. Məhkəmə Paşinyanın xeyirinə qərar çıxardı və Qasparyanın istefaya göndərilməsini təsdiqlədi.  

Elvin
Missiya.Az


  • 16-04-2021, 11:47