AZ   |   RU
Azərbaycanda ərzaq qıtlığı gözlənilirmi? - Ekspertdən AÇIQLAMA
Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və digər müxtəlif nüfuzlu təşkilatlar dünyada qida böhranının olacağı ilə bağlı xəbərdarlıqlar edib. BMT-nin baş katibi Antonio Quterreş bildirib ki, Ukraynadakı münaqişə inkişaf etməkdə olan ölkələrə “səssiz hücumdur” və 1,7 milyard insanı yoxsulluğa sürükləmək təhlükəsi yaradır. Onun sözlərinə görə, Rusiya və Ukrayna qlobal buğda və arpa istehsalının 30%-ni, qarğıdalının 20%-ni və günəbaxan yağının yarıdan çoxunu istehsal edir. 

Təbii ki, dünyada ərzaq qıtlığının olacağı
ilə bağlı yayılan xəbərlər, Azərbaycan əhalisində də narahatlıq yaradır. Vətəndaşları düşündürən əsas suallardan biri, dünyada gözlənilən qida böhranının Azərbaycana nə qədər təsir edəcəyi ilə bağlıdır. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Missiya TV-yə açıqlamasında bildirib ki, dünyanın bir çox ölkələrində ərzaq böhranının olacağı ilə bağlı təşviş yaransa da, bu böhranın Azərbaycana təsiri gözlənilmir. Mütəxəssinin sözlərinə görə, pandemiyə dövründə də dünyada ərzaq məhsullarının daşınmasına problem yaşansa da, bu Azərbaycanda hiss olunmadı. 

Mütəxəssis Azərbaycanın qida ehtiyatından da danışıb. Eyyub Hüseynov bildirib ki, müharibə gedən qonşu ölkələrdən ərzaq idxalının zəifləməsi Azərbaycanda əzaq məhsullarının qıtlığını yaratmır. Çünki Azərbaycan daxili təlabatını ödəmək iqtidarındadır və dövlət bu məsələyə ciddi nəzarət edir. Eyyub Hüseynov dünyada gözlənilən qida böhranının Azərbaycanda ərzaq məhsullarının qiymətinə təsiri barədə də danışıb. 

Mütəxəssis işğaldan azad olunmuş ərazilərin Azərbaycanın ərzaq bazarına müsbət təsirlərinə toxunub. 

Eyyub Hüseynov istehlakçıları diqqətli olmağa, israfdan çəkinməyə səsləyir, insanlara tez panikaya düşməmələrini məsləhət görür. Mütəxəssisin fikrincə, istehlakçıların çox ərzaq alıb sonra isə ziyan etməsi qiymət artımı ilə nəticələnir. Yəni qiymət artımında alıcıların da, önəmli rolu olduğu açıq-aydın özünü göstərir. 

Bəli, əziz Missiya TV izləyiciləri insan dünyanı həm qorumağa, həm də uçuruma aparmağa qadirdir. Ekspertlər söyləyir ki, planetimizdə qida böhranı yaşanmasın istəyiriksə, israfdan, yeməyi tullantıya çevirməkdən qaçmalıyıq. Elə bu məqamda dahi şair Nizami Gəncəvinin kəlamı yerinə düşər: 

“Bir inci saflığı varsa da suda, artıq içiləndə dərd verir su da”. 

Zərintac Mayisqızı
Missiya.Az


  • 30-05-2022, 19:43