AZ   |   RU
Əfv sərəncamının icrası başa çatıb

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası başa çatıb.

Missiya.Az "report"-a istinadən xəbər verir ki, sərəncam ümumilikdə 213 nəfərə şamil olunub.

Azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 167 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib, 1 şəxs ömürlük azadlıqdan məhrumetmə cəzasından azad olunub, 36 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb. Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Eyni zamanda azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6 nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.
Bundan başqa, əfv olunmuş 213 nəfərdən biri Özbəkistan, biri İran, biri də Türkiyə vətəndaş olmaqla 3-ü əcnəbi, 3-ü jurnalist və bloqer, 3-ü siyasi partiya üzvü, 20-si isə 2018-ci il iyulun 10-da Gəncə şəhərində kütləvi iğtişaşlarda iştirak edən şəxslərdir.

Qeyd edək ki, 1995-ci ildən bu günə kimi əfvetmə ilə bağlı 68 fərman və sərəncam imzalanıb, 8 987 məhkum əfv olunub. Bu sərəncamlardan 36-sı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanıb və həmin aktlar 5 885 nəfərə şamil olunub.

  • 28-05-2022, 14:10