AZ   |   RU
Milli Məclisin sədri : “Türk dünyası Ombudsmanlarının Bakıdakı toplantısı dünyaya mesajdır”
Mayın 25-də Milli Məclisin sədri Sahibə Qafarova “TÜRKPA-ya üzv dövlətlərdə İnsan hüquqlarının qorunması” mövzusuna həsr edilmiş konfransın iştirakçıları ilə görüşüb. 

Missiya.Az
xəbər verir ki, Milli Məclisdən APA-ya verilən xəbərə görə, parlamentin sədri qonaqları salamlayaraq, ümidvar olduğunu bildirib ki, Milli Məclisdə təşkil edilmiş tədbirdə faydalı müzakirələr aparılacaq, tədbir uğurla başa çatacaq.

Bildirilib ki, Milli Məclislə TÜRKPA arasında parlament diplomatiyası və model qanunların hazırlanması sahələrində faydalı əməkdaşlıq mövcuddur. Bugünkü konfrans Azərbaycanda İnsan Hüquqları üzrə Müvəkkil təsisatının (Ombudsmanın) yaradılmasının 20 illiyinə həsr olunub. Bu yaxınlarda Türkiyənin Bursa şəhərində “Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyasının” yaradılması barədə Anlaşma Memorandumu imzalandıqdan sonra Ombudsmanlar Bakıda yenidən bir araya gəliblər. Parlamentin spikeri bildirib ki, Türk dövlətlərinin qurumları arasında əməkdaşlığın həyata keçirilməsi dövlətlərarası münasibətlərə də öz töhfəsini verir. 

Sahibə Qafarova Milli Məclisin İnsan hüquqları komitəsi ilə birgə keçirilən bu tədbirinin əhəmiyyətindən danışaraq qeyd edib ki, Türk dünyası Ombudsmanlarının Bakıdakı toplantısı özlüyündə dünyaya verilən bir mesajdır. Bu, Türk dövlətlərinin İnsan hüquqlarının və azadlıqlarının qorunması işinə verdiyi böyük önəmin təzahürüdür. 

Milli Məclisin sədri konfrans iştirakçılarının Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya səfəri barədə daşırarkən deyib ki, qonaqlar işğal olunmuş ərazilərdə olarkən, Ermənistan tərəfindən yaşayış məntəqələrinin, tarixi və mədəniyyət abidələrinin məhv edildiyinin şahidi olub. İşğalın davam etdiyi 30 il müddətində bu ərazilərdə hər şey dağıdılıb, dini, mədəni, tarixi abidələr vandalizmə məruz qalıb.

İndi Azərbaycan hökuməti tərəfindən bu ərazilərdə genişmiqyaslı infrastruktur və quruculuq işləri həyata keçirilir. Məqsəd məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması, onların pozulmuş konstitusion hüquqlarının bərpa edilməsidir.

Bildirilib ki, 44 günlük Vətən müharibəsi zamanı cəbhə xəttindən uzaqda yerləşən şəhər və rayonlarımız, mülki infrastruktur obyektləri də atəşə məruz qalıb. Yaşayış və qeyri-yaşayış sahələrinə ciddi ziyan dəyib, mülki əhali bu hərbi təcavüzdən əziyyət çəkib. Birinci və İkinci Qarabağ müharibəsi dövründə Ermənistanın törətdiyi cinayətlər Azərbaycanın müvafiq qurumları tərəfindən rəsmiləşdirilib, müvafiq hesabat və bəyanatlar qəbul olunub. Türk Dövlətlərinin Ombudsmanlar və Milli İnsan Hüquqları İnstitutları Assosiasiyası çərçivəsində işğaldan azad edilmiş ərazilərə faktaraşdırıcı missiyanın təşkil edilməsi Ermənistanın törətdiyi insan hüquq pozuntularına obyektiv qiymət verilməsinə töhfə verər. 

Parlamentin sədri belə bir inam ifadə edib ki, Bakıda keçirilən konfrans çərçivəsində Türk Dövlətləri Ombudsmanları tərəfindən aparılacaq fikir mübadiləsi, veriləcək təkliflər Türk dünyasında İnsan hüquqlarının müdafiəsi işində faydalı olacaq.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva konfransın Milli Məclisdə keçirilməsinə yaratdığı şəraitə görə Milli Məclisin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirib. Qeyd edilib ki, konfransın keçirilməsində məqsəd TÜRKPA-ya üzv dövlətlərdə insan hüquqlarının qorunması sahəsində əməkdaşlıq, təcrübə və informasiya mübadiləsi aparmaqdır.

Bildirilib ki, tədbir çərçivəsində konfrans iştirakçılarının Şuşa şəhərində olması, işğaldan azad olunmuş ərazilərə baş çəkmələri onlarda güclü təəssürat oyadıb. Bu ərazilərdə ermənilərin törətdikləri dağıntılar və vandalizm hərəkətləri barədə müvafiq hesabatlar hazırlanaraq, nüfuzlu beynəlxalq qurumlara təqdim edilib və gələcəkdə də bu fəaliyyəti davam etdirilməsi nəzərdə tutulub. 

Sonra tədbirdə iştirak edən TÜRK PA-ya üzv dövlətlərinin millət vəkilləri, Ombudsmanları ölkəmizə səfərləri və keçirilən tədbirlər barədə fikirlərini bölüşüblər.

Görüşdə Türkiyə Respublikasının baş Ombudsmanı Şeref Malkoç, Qazaxıstan Respublikasının Ombudsmanı Elvira Azimova, Qırğız Respublikasının Ombudsmanı Atır Abdrahmatova, Türkiyə İnsan Hüquqları Bərabərlik Qurumunun sədri Muharrem Kılıç, Özbəkistan Respublikasının Ombudsmanı Feruza Eşmatova, TÜRKPA-nın Baş katibi Mehmet Süreyya Er, Türkiyə, Qazaxıstan, Qırğız respublikalarının deputatları , Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

  • 25-05-2022, 20:05