AZ   |   RU
Çökmüş Ermənistan, yoxsa çiçəklənən Azərbaycan? – Qarabağdakı ermənilər üçün səfalət və inkişaf seçimi – ŞƏRH

44 günlük müharibəni  şanlı qələbə ilə yekunlaşdıran  Azərbaycan Ermənistanı təkcə biyabırçı məğlubiyyətə düçar etmədi. Bu qələbə, Ermənistanın dövlət kimi sütunlarının silkələnməsi, erməni xalqının dövlətinə, ordusuna olan inamının sarsılması, iqtisadiyyatının çökməsi, ermənilərin ağızdolusu fəxr etdikləri diaspor birliyinin  məhv olmasına gətirib çıxardı.

Kapitulyasiya aktına imza atan Paşinyan öz xalqı tərəfindən linç olunmaqdan güclə canını qurtardı. Muxalifətin təşkil etdiyi  mitinqlərdə etirazçılar Paşinyanın istefası tələbini irəli sürmələrinə baxmayaq Nikol kreslosundan möhkəm yapışdı və ölkədə parlament seçkiləri keçirilməsi qərara alındı. Parlament seçkilərinin nəticəsinə görə Paşinyan yenidən hökümət başçısı seçilərək, postunu qoruya bildi. Özünü demokrat kimi təqdim edən Paşinyan, devrilməmək üçün anti-demokratik üsullara əl ataraq, müxalifət liderlərini həbs edir, ölkənin idarəetmə sistemində ağlagəlməz sürətlə dəyişikliklər edirdi. Parlament, Müdafiə Nazirliyi, Təhlükəsizlik Xidmətinin rəhbərlərini əlcək kimi dəyişən Ermənistanın baş naziri nə qədər çalışsa da, ölkədəki dərəbəyliyin qarşısını ala bilmədi.

Müharibənin bitməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq Ermənistanda xaos davam edir. 2 il ərzində ölkədə dəfələrlə mitinqlər baş tutub və hələ də  Paşinyana qarşı aksiyalar keçirilir.
 
Aksiya iştirakçıları Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalamağını və Qarabağın statusundan imtina etməyini əsas gətirərək, onu  hakimiyyətdən devirməyə çalışırlar.  Müşahidələr onu göstərir ki, etiraz  edən insan sayı yetərincə olmadığı üçün, Paşinyanın devrilməsi mümkünsüz görünür.

Aksiyalarda az sayda insanın iştirak etməsinin digər səbəbi, ermənilərin keçmiş prezidentlər Robert Köçəryan və Serj Sarkisyana da  inamının və etimadının olmamasıdır. Köçəryan və Sarkisyan cütlüyü hər dəfə çıxışlarında Azərbaycana qarşı revanşist fikirlər səsləndirməsinə baxmayaraq, erməni xalqı  bu gün Azərbaycanın real gücünün hansı səviyyədə olduğunu gözəl anlayır. Əslində özlərini önəmli fiqur hesab edən, əlləri Azərbaycan xalqının qanına bulaşmış bu cəllad birləşməsi Ermənistanda  Moskvanın sifarişlərini həyata keçirən əlaltılardır. 
 
Kreml qərbmeyilli Paşinyana  güvənmədiyi üçün, hər dəfə bölgə ilə bağlı müsbət dəyişikliklərin gözləndiyi məqamda məhz bu əlaltıları vasitəsilə Nikola təzyiq göstərməyə çalışır. Rusiya anlayır ki, bu təzyiq formasından  İlham Əliyevə qarşı istifadə etmək qeyri-mümkündür.

Hadisələrin gedişatı göstərir ki, artıq erməni xalqı da bu çirkin əməllərin arxasında Moskvanın dayandığını anlayır və onlar bölgədə yenidən müharibənin alovlanmasında maraqlı deyillər.

İstər Ermənistan, istərsə də Qarabağ ərazisində yaşayan sadə ermənilər Azərbaycanın qısa müddət ərzində həyata keçirdiyi abadlıq və yenidənqurma işlərini yaxından  izləməkdədirlər.

Azərbaycan Ermənistandan fərqli olaraq bölgədə infrastruktun maksimum səviyyədə qurulması  üçün  böyük layihələr həyata keçirir. 30 illik qaçqınlıq həyatından sonra  Qarabağa qayıdan  insanların rahat yaşaması üçün  Dövlətimiz bütün lazımı işlər sürətlə həyata keçirilir.

Ölkə başçısı İlham Əliyevin bölgəyə təşkil etdiyi səfərlər zamanı da orada bir çox layihələrin açılışında və təməlqoyma mərasimində iştirak etdiyinin şahidi oluruq. 30 ilə yaxın bir müddət ərzində Qarabağda daşı daş üstə qoymayan Ermənistandan fəqli olaraq, Azərbaycan bu gün bölgəni çiçəkləndirməklə məşğuldur.

Ermənistanda  səfalət içində yaşayan  əhali ilə yanaşı, Qrabağda taleyin ümidinə buraxılan ermənilər də  hakimiyyətin onlara olan biganə münasibətindən cana doyub. Ermənistan hakimiyyəti xarici havadarları hesabına Xankəndində zorla saxlamağa çalışdığı ermənilər üçün  ayırdığı yardımlar bu gün  onların ehtiyacını ödəmir.

Ermənistan hakimiyyətinin siyasi oyunlar üçün istifadə etdiyi Qarabağ  ermənilərini Azərbaycan dövlətinin vətəndaşı kimi himayəyə götürəcəyini Prezident İlham Əliyev dəfələrlə bəyan edib və bununla humanist mövqeyini  ortaya qoyub.

Bu dəfə qərarı Ermənistan hakimiyyəti deyil, ermənilər özləri verməlidir. Ermənistanın  unutduğu, ianələr hesabına yaşatmağa çalışdığı bu insanlar ya  Azərbaycan vətəndaşlığını qəbul edib rahat yaşayacaq, ya da bölgəni tərk edərək acı sonluqla barışmalı olacaqlar.

Daşqın Həsənov 
Missiya.Az 


  • 13-05-2022, 17:54