Fransada keçmiş baş nazir Fransua Fiyon həyat yoldaşının saxtakarlıqla işə götürülməsi faktı üzrə dörd il müddətinə azadlıqdan məhrum edilib.
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Paris Apellyasiya Məhkəməsi qərar verib.
Qərara əsasən, Fiyon cəza müddətinin bir ilini həbsxanada keçirəcək.
Onun həyat yoldaşı Penelopaya isə 2 il şərti azadlıqdan məhrum etmə cəzası verilib.
Qeyd edək ki, Fiyon və həyat yoldaşı ətrafında qalmaqal 2017-ci ildə keçmiş baş nazirin prezidentliyə namizəd olduğu seçki kampaniyasının qızğın vaxtında yaranıb. Yerli mətbuat Penelope Fiyonun səkkiz il parlament köməkçisi kimi heç bir iş görmədən maaş aldığını yazıb. 2021-ci ilin iyununda Paris Məhkəməsi Fiyonu bu işdə təqsirli bilib və iki il həbsxanada olmaqla, beş il azadlıqdan məhrum etmə cəzası kəsib.