AZ   |   RU
“Azərbaycan buna "canavar-döyüşçü" diplomatiyası ilə cavab verəcək...”

“Konsensusa gəlmək regionun rifahı üçün daha yaxşı nəticələrin əldə olunmasına səbəb olardı...”
 
“Azərbaycan Ermənistanın "6 bəndlik tələbləri"nə "canavar-döyüşçü" diplomatiyası ilə cavab verəcək. İrəvanda məsələyə real yanaşma boşluğunun mövcudluğu təbii olaraq təhlükəlidir. Bu, həyata keçirilən bütün səylərin effektivliyini məhdudlaşdırır, ikitərəfli inamsızlığı və səhv hesablama riskini artırır”. 
 
Bu fikirləri Missiya.Az-a açıqlamasında "Strategy Vision" Araşdırma Mərkəzinin sədri Şahin Qocayev ifadə edib.
 
“Əgər Prezident İlham Əliyev "Zəngəzur dəhlizi artıq reallıqdır" deyirsə və bunun qarşılığında ritorik və mövcud status-kvodan kənar cavab verilirsə, bu, sadəcə, potensial sülh reseptinin aşağılanmasına ünvanlanıb. Azərbaycan tərəfinin zatən əldə edəcəyi, beynəlxalq səpkidə ərazisi olaraq tanınan esklavlarının qaytarıla biləcəyini bəyan etmək, xüsusilə bunun qarşılıqlı şəkildə həyata keçiriləcəyinə eyham vurmaq da məsələyə yanaşmada sistemli problemin olmasını göstərir. Bu, hələ ki, münaqişənin qaçılmaz olduğunu ifadə etməsə də, səhv hesablamalar və yanlış ünsiyyətlər nəticəsində daha təhlükəli vəziyyət yaradır. 
 
Xüsusilə, "Zəngəzur dəhlizi artıq reallıqdır" deyə bəyan edilirsə, deməli artıq baza prinsipləri mövcuddur. İrəvana isə yeni qaydalara əsaslanan nizamı pozmaq əvəzinə ona riayət etməyə uğunlaşmağı düşünmək qalır. Əks halda müdafiə və təhlükəsizlik sinirləri tarıma çəkilmiş Azərbaycan bu boşluğu dolduracaq. Konsensusa gəlmək regionun rifahı üçün daha yaxşı nəticələrin əldə olunmasına səbəb olardı” –deyə şərhçi açıqlamasının davamında vurğulayıb.


  • 6-05-2022, 11:05