AZ   |   RU
“Sudan ödənişli istifadə Qaydaları”nı yanlış anlayanların nəzərinə: Suyun qiyməti artırılmır
“Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli Qərarı ilə təsdiq edilmiş “Sudan ödənişli istifadə Qaydaları” bəzi insanlar tərəfindən anlaşılmazlığa səbəb olub. Onlar belə iddia edirlər ki, ölkədə suyun qiyməti artırılır. 

“Rupor” xəbər verir ki, ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttarzadənin jurnalitslərə verdiyi açıqlamadan isə bəlli olur ki,  çaylardan və digər su mənbələrindən götürülən suya görə pul ödəniləcək, və bu qərar əhalinin istifadə etdiyi içməli suyun qiymətinin qaldırılması anlamına gəlməməlidir. 

Qərara görə əsasən texniki qurğular və avadanlıqlar tətbiq etməklə, su və su təsərrüfatı obyektlərindən, o cümlədən yerüstü və yeraltı təbii su mənbələrindən, su anbarlarından bilavasitə su götürən hüquqi və ya fiziki şəxslər tərəfindən suyun həcminə görə ödənişlər həyata keçiriləcək. 

Nazir müşaviri  qərarı belə əsaslandırıb: sudan ödənişli istifadənin tətbiq edilməsinin əsas məqsədi su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunması, suların mühafizəsinin yaxşılaşdırılması, suyun dəqiq uçotunun aparılması və su təsərrüfatı qurumlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyətinin təmin edilməsidir. 


Şirin su ehtiyatlarının azlığı ilə yanaşı, qlobal iqlim dəyişikliyi, son illərdə yağıntıların və qonşu ölkələrdən daxil olan suların həcminin xeyli azalması vəziyyəti daha çətinləşdirib.  Həm bu bu fakta görə, həm də iqtisadiyyatın sürətlə inkişafı, kənd təsərrüfatı sahələrinin genişlənməsi suya olan tələbatın artmasına səbəb olub, ona görə də su ehtiyatlarının qənaətlə istifadə zərurəti yaranıb.

Əslində belə nümunələr əksər ölkələrdə var. Su resursları bol olan ölkələrdə də su mənbələrindən istifadə ödənişlidi. 

Qərarda o da vurğulanır ki, sudan istifadə haqqı onun keyfiyyətindən, təyinatından, su təsərrüfatı obyektlərinin texniki səviyyəsindən, suyun götürülmə, nəqledilmə üsullarından və digər amillərdən asılı olaraq differensiallaşdırılacaq. 

Xatırladılması vacib olan əsas nüansdan biri də ondan ibarətdir ki, istifadəsi hamı üçün mümkün və açıq olan su obyektlərindən fiziki şəxslərin öz ehtiyaclarını təmin etmək məqsədilə (çimərlik, qayıqla gəzinti, idman, həvəskar balıq ovu, mal-qaranın suvarılması, texniki qurğulardan istifadə etmədən su götürmə və s.) istifadəsi yenə də ödənişsiz olacaq.

Eldar Orucov


  • 30-03-2022, 21:54