Dünyanın diqqəti Ukrayna-Rusiya münasibətləri, artıq bir aydan çoxdur ki, davam edən qanlı müharibə üzərində fokuslansa da, nədənsə, sülh-əminamanlıq nümunəsi göstərib və ətrafında olan hər kəslə dost münasibətləri quran, yaralarını yenicə, təkbaşına sağaltmağa başlayan Azərbaycan, bəziləri üçün sanki təhlükə mənbəyi olaraq görünməkdədir. 30 ildir dərdimizə biganə qalan, bir xalqın öz torpağında qaçqın düşməsinə, qətl edilməsinə və soyqırıma məruz qalmasına göz yuman dünya nə qədər ədalətsiz və qərəzli olduğunu hamının ürək ağrısı ilə müşahidə etdiyi Ukrayna xalqının, müstəqil Ukrayna dövlətinin üzləşdiyi işğal faktoru zamanı özünü bir daha göstərdi. Bu qərəzi bizdən – Azərbaycandan daha yaxşı hiss edən ola bilməz. Çünki, məhz Azərbaycan 30 ildir ki, işğala, haqsızlığa məruz qaldığı, 1 milyon insanının qaçqın düşməsi ilə üz-üzə qaldığı halda, dünya işğalçıya sığal çəkirdi. Qonşu deyib, dost bildiyimiz ölkələr nəinki sanksiya tətbiq etmək, əksinə, işğalçı ilə əl sıxıb, dost olurdular. Və dünyanın bu gün haqqdan ədalətdən danışdığı bir vaxtda, görünən odur ki, Azərbaycana tuşlanmış niyyətlər elə pis niyyət olaraq qalır. Yaranmış mənzərə onu göstərir ki, ortaq tarixi keçmişimiz olan ən əsas qonşumuz və hətta müttəfiqimiz bu pis niyyətdən hələ də əl çəkə bilmir. Əsas məqama gələk.Artıq 2 ildir ki, Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini öz gücünə, öz ordusunun, öz sərkərdəsinin sərrast diplomatiyası hesabına bərpa, ədaləti bərqərar edib. Düşmən olan, düşmənçilik edən bir ölkəyə sülh naminə əl uzadıb, bölgənin rifahı üçün addımlar atır. 2020-ci ildə imzalanmış, Ermənistan üçün kapitulyasiya aktı hesab olunan bəyannamə nəinki 2 dövlətin vətəndaşlarının, eləcə də bütün bölgənin inkişafının təməli idi. Məgər dünya bunu istəmirdimi? Məgər bölgədəki qonşu ölkələr illərlə buna çalışmırdılarmı?
Məgər Cənubi Qafqaz deyilən bir bölgəyə qərbdən, ta okeanın o tayından müdaxilələr məhz buna görə deyildimi? Dostuq, qardaşıq, hətta bizim dilimizdə ən çox məktəb olan yeganə qonşu dövlət sizsiniz, deyənlər, niyə bu sülhün sona qədər bərqərar olmasına əngəl yaradırlar? Məram sülhdürsə, sülhməramlı kimi soxulmaq yox, dəvət gözlənilməlidir axı! Məram sülhdürsə, niyə ölkəmizdə, öz suveren sərhədlərimiz çərçivəsində hərəkətimiz başqa bir ölkənin televiziya kanalında dövlət dumasının səviyyəsində, düşüncə və təxəyyülü sovetlər dövründən yadigar qalmış deputat tərəfindən hədyanlarla müzakirə olunmalıdır. Azərbaycanla Ermənistan arasında müharibənin bitdiyi, Ermənistan dövlətinin kapitulyasiya aktına imza atdığı, hətta Azərbaycanın öz ərazisində quruculuq işləri aparıb, bölgəyə iqtisadi dirçəliş gətirdiyi halda, hələ də keçmişdə qalanlar var.
Düz təxmin etdiniz. Söhbət Rusiya 24 kanalında Olqa Skabeyevanın aparıcılığı ilə yayınlanan “60 minut” verilişindən gedir. Çox maraqlı siyasət yürüdür, qonşularımız. Ukrayna-Rusiya müharibəsi haqda real informasiya yayan Azərbaycan mətbu orqanları Rusiya məkanında bloklanır, Azərbaycanın öz ərazisində hər hansı bir formada hərəkəti isə Rusiyanın dövlət kanalında, parlament nümayəndəsi səviyyəsində müzakirəyə çıxarılır.
Ümumiyyətlə, məsələnin məğzi nədir? Azərbaycan KİV-lərini bloklayan Rusiya media məkanı üçün xatırlatma etsək, pis olmaz. Xüsusilə, Jirinovski ruhlu Delyaqin adlı deputat üçün bu xatırlatma səmərəli olardı. Bildiyimiz qədərilə cənab Delyaqin Sosialist Partiyasını təmsil edir. Və onun nüvə silahı, Azərbaycanın neft sənayesinə olan nostalji hissləri elə bununla da aydın olur. Cənab deputat hələ də anlamır ki, sosialist düşüncəsi, sosialist rejimi özünü tarix boyunca doğrultmadı. Xalqları qardaşlıq, dostluq adı ilə istismar etmək siyasəti keçmişə gömülüb.
Azərbaycanın bütün təbii sərvətləri sülhə, inkişafa, xalqının gələcəyinə hesablanıb. Və Delyaqinin Azərbaycanın neft sənayesini nüvə ilə vurarıq, vurmaq lazımdır kimi ifadələri yalnız dövlətinin utanc vəziyyətində qalmasına səbəb ola bilər. Azərbaycan öz xalqının gələcəyini, bu günkü addımları ilə necə qoruduğunu dəqiq göstərir. Azərbaycan prezidentinin diplomatik zərbələri istənilən raket zərbəsinin qarşısını almağa qadirdir. Hansı ki, çoxları bunun 9 Noyabr bəyanatında hansı dəqiqliklə ifadə olunduğunun hələ də fərqinə varmaq istəmir. Azərbaycan dostluğa da sülhə də sadiqdir. 9 Noyabr bəyannaməsinin tələblərinə də elə ilk əməl edən Azərbaycan, həm də öz imzasının, sözünün dəyərini göstərmiş oldu.
Cənab Delyaqin, ölkənizin əsas sözçüsü Peskov deyir ki, sizin danışdıqlarınız Rusiya dövlətinin mövqeyi deyil!
Onda sizə cavab verək. Siz, Rusiya olaraq, deyirdiniz ki, sülhməramlı olmaq istəyirik və Azərbaycan ərazisində olduğumuz müddətdə erməni silahlılarının oradan səssiz-küysüz çıxarılmasına tamaşa edəcəyik. Amma heç tamaşa etmək imkanı yaratmadınız, axı. Qol çirməyib həmin o yaraqlılar üçün hərbi hissələr tikdiniz, hətta abidə, heykəl belə qoydunuz. Belə bir fəaliyyət nə vaxtdan sülhməramlı kontingentin vəzifə borcu olub, ən yaxşısı bunu müzakirə edin. Erməni yaraqlıları Rusiya prezidentinin ərazi bütövlüyünə hörmətlə yanaşdığını dəfələrlə qeyd etdiyi, dövlətimizin içində bir marionet dövlət qurub onu yaşatmaq üçün siz rus sülhməramlılarının dəstəyini aldılar. Bəs onda bunun adı nədir, cənab Delyaqin?Bu həmin Azərbaycandır ki, Rusiyanın Ukrayna ilə müharibəyə başladığı ilk gün məhz Azərbaycan prezidenti Rusiya prezidenti ilə müttəfiqlik bəyannaməsi imzaladı. “Azərbaycan Rusiyanın gücsüz vəziyyətindən istifadə edərsə” ifadəsi isə tərəfində durduğunuz Ermənistana daha çox aid ola bilər. Ola bilər ki, mətbu orqan kimi bizim də fikirlərimiz Azərbaycan dövlətinin mövqeyi deyildir. Amma hər halda bunu unutmuruq və unutmarıq ki, 30 il işğalda saxlanılan Qarabağı ermənilər məhz Rusiyanın hesabına zəbt eləmişdi. Azərbaycanlılara yönəlmiş silahlar da məhz rus silahları idi. Biz Qarabağı qaytarmışıq! Sizin dediyiniz Dağlıq Qarabağ artıq yoxdur. Biz onu öz üsul idarəmizcə idarə edirik. Vətəndaşlarımızın milliyətindən asılı olmayaraq, Azərbaycanın Qarabağ bölgəsinin sakinləri Azərbaycan bayrağına, Azərbaycan dövlətinə itaət etmək məcburiyyətindədilər. Nüvədən danışmaq isə məramı sülh olanların statusuna ziddir! Hələ də güc dili ilə, silah dili ilə danışanlar sülhməramlı ola bilməz! Sülhü bölgəyə biz gətirdik. Ən doğrusu siz də bu nümunədən Ukraynada yararlanın!
Lamiyə RövşənqızıMissiya.AzMəqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.4. (ictimai və dövlət maraqlarının müdafiəsi) hazırlanmışdır.