Bu gün Almaniyaya işgüzar səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasının Elm və Siyasət Fondunun Alman Beynəlxalq siyasət və Təhlükəsizlik İnstitunun direktoru Ştefan Mayer və institun elmi tədqiqatçıları ilə dəyirmi masa formatında görüşüb. Missiya.Az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlər, eləcə də, ölkəmizin Avropa İttifaqı ilə əməkdaşlığı, beynəlxalq aləmdə və regionda baş verən proseslərə dair geniş fikir mübadiləsi aparılıb.
Tərəflər, həmçinin, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq perspektivləri, enerji sahəsində strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Nazir Ceyhun Bayramov 44 günlük Vətən müharibəsi və üçtərəfli bəyanatların imzalanmasından sonra bölgədə yaranmış yeni reallıqlar, davamlı sülhə nail olunmasına dair imkanlar və Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın mövqeyi barədə qarşı tərəfə ətraflı məlumat verib. Bölgədə sülh və sabitliyin təmin olunması üçün ilk növbədə imzalanmış üçtərəfli bəyanatların tam icra olunmasının vacibliyi vurğulanıb.
Sual-cavab formatında davam edən görüşdə tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında geniş fikir mübadiləsi aparıblar.