Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda əksini tapan fikirlərin mənasına varanda ABŞ-la Azərbaycan arasında münasibətlərin xoş ovqata kökləndiyi və strateji xarakterli olduğu aydın görünür. Dövlət başçısı İlham Əliyevə və Azərbaycan xalqına sevincli, firavan Novruz bayramı arzuladığını yazan Co Bayden vurğulayıb: “Bu yenilənmə zamanı əməkdaşlığımızı və sülhə sadiqliyimizi yenidən təsdiqləmək üçün bir imkandır”.
İstisnasız şəkildə məlum olur ki, ABŞ Azərbaycanla daha sıx əməkdaşlıq etməkdə, xüsusən regionda rəsmi Bakının bərqərar etdiyi sülhün möhkəmlənməsində maraqlıdır.
Qənaətimizin birmənalı olduğu məktubdakı növbəti ifadələrlə də təsdiqlənir. Oxyuruq: “Bu il Birləşmiş Ştatlarla Azərbaycan arasında diplomatik münasibətlərin 30 illiyidir. Bu ildönümünü qeyd etdiyimiz bir zamanda Administrasiyam Cənubi Qafqazda demokratiya, sülh və tərəqqini dəstəkləməyə davam edəcəkdir. Biz, həmçinin ortaq təhlükəsizlik narahatlıqlarını həll etmək, regional barışığa təşviq etmək və iqtisadi əməkdaşlıq üçün yeni imkanları araşdırmaq məqsədilə Azərbaycanla birgə işləyəcəyik”.Ortaq təhlükəsizlik və regional barışıq Azərbaycanın yürütdüyü siyasətin təməl prinsipidir. Azərbaycan ərazilərinin həm Ermənistanın işğalında olduğu illərdə, həm də işğaldan azad edildiyi indiki dövrdə, hətta Vətən müharibəsinin gedişatında sülhə nail olmağı əsas hədəf seçib. Ölkə başçısı İlham Əliyev regionda, o cümlədən cahanda bütün ölkələrin təhlükəsiz şəraitdə yaşaması, inkişaf etməsi istiqamətində xeyli əməli fəaliyyət sərgiləyib, xüsusən rəsmi İrəvanın nəhəng infrastruktur layihələrə qoşularaq dinc qonşuluq şəraitində yaşaması üçün səmimi addımlar atıb, qərarlar verib, sazişlər imzalayıb.
Dünyanın supergücü rolunda çıxış edən ABŞ və onun Prezidenti qalib Azərbaycanı, bu ölkənin Prezidentinin mövqeyini dəstəklədiyini açıq mətnlə söykəməklə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanmasının vacibliyini önə çəkmiş olur. Belə başa düşülür ki, ABŞ yaranmış yeni geosiyasi reallığı qəbul edir.
Təbrik məktubunun məzmunu onu deməyə əsas verir ki, ABŞ hakimiyyəti ilə Azərbaycan hakimiyyəti arasında münasibətlər yeni istiqamətlər üzrə əməkdaşlıq müstəvisində qurulacaq.
Məktubun ingilis dili mətnində Novruz bayramı ifadəsi Azərbaycan dilində yazılıb. Co Baydenin bu yanaşması milli dəyərlərimizə, adət-ənənələrimizə hörmət və diqqətdən irəli gəlir. Prezident İlham Əliyevin bütün istiqamətlərdə yürütdüyü siyasətdə milli maraqları əsas meyar seçməsini digər xarici ölkələrin rəhbərləri də ehtiramla qarşılayır. Dünya liderləri Azərbaycan Prezidentinə ünvanladığı məktublarda, telefon danışıqlarında, görüşlərdə İlham Əliyevin gördüyü işlərin, irəli sürdüyü təşəbbüslərin beynəlxalq səviyyədə müsbət nəticələr verdiyini vurğulayırlar. Onların səmimi mövqeləri Azərbaycan Prezidentinin və onun rəhbərlik etdiyi ölkənin nüfuz sahibi olduğunu bir daha təsdiqləyir.
Ceyhun Musaoğlu