AZ   |   RU
“ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq”
“Bu gün Azərbaycan Respublikası xalqın iradəsi və maraqları əsasında müstəqil siyasət yürüdən dövlətdir. Azərbaycanın tarixi torpaqlarının işğaldan azad edilməsi ilə Ermənistanın Azərbaycana qarşı otuz ilə yaxın davam edən hərbi təcavüzünə son qoyulmuş və ölkəmiz 30 ilə yaxın müddət ərzində icra edilməmiş vəziyyətdə qalmış BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini özü icra edib”.

Missiya.Az xəbər verir ki, bu sözlər Prezident İlham Əliyevin ABŞ Prezidenti Co Baydenə ünvanladığı məktubda yer alıb.

“Biz sülhün tərəfdarı olaraq ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı kimi beynəlxalq hüququn fundamental baza prinsipləri əsasında Ermənistanla sülh sazişi üzrə danışıqlara başlamağa hazırıq. Gələcəyə köklənmiş baxış əsasında ABŞ-ın Azərbaycanın sülh gündəliyini dəstəkləyəcəyinə ümidvarıq.
İşğaldan azad edilmiş torpaqlarımızda postmünaqişə dövründə bərpa və yenidənqurma işləri həyata keçirilir. Biz ABŞ-dan olan şirkətlərin də bu prosesdə iştirakını görməkdən məmnun olardıq.

İnanıram ki, dost və tərəfdaş olaraq bütün sahələrdə ölkələrimizin maraqları və xalqlarımızın rifahı naminə əhəmiyyətli potensiala malik əməkdaşlığımızın daha da inkişaf etdirilməsi üçün bundan sonra da birgə səylər göstərəcəyik”, - deyə dövlət başçısı əlavə edib.

  • 22-03-2022, 10:53