AZ   |   RU
2020-ci il 3 oktaybr - 2022-ci il 20 mart: ilyarım ərzində 10 illik nəticə - Fotolar - Şərh


Suqovuşanın əbədi yaşayacağı bahar ömrü 
 
3 oktaybr 2020-ci il. Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı birləşmələrinə qarşı sentyabrın 27-də başladığı əks hücumların 44 gün davam edəcək Vətən müharibəsi mərhələsindən 6 gün keçir.  



Ali Baş Komandan İlham Əliyev xalqa şəxsi twitter hesabından növbəti xoş xəbərini verir. Tərtərin Talış və Madagiz kəndi işğaldan azad edildi. Prezidentin paylaşımından oxuyuruq: “2020-ci il oktyabrın 3-dən #Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra #Suqovuşan adlandırılır. #Qarabağ #Azərbaycandır!”



3 oktyabr 2021-ci il. Azərbaycan Prezidenti Suqovuşan qəsəbəsində və Talış kəndində Azərbaycan bayrağını ucaldır. Qarabağın strateji məkanı olan bu ərazilərin düşməndən geri alınması bütün mənalarda qəhrəmanlıq salnaməsinə çevrilib. Dövlət başıçıs çıxışında o anları belə dəyərləndirib: “Suqovuşan qəsəbəsinin azad edilməsi strateji nöqteyi-nəzərdən çox böyük əhəmiyyət kəsb edirdi. Çünki bu qəsəbənin yerləşməsi müharibənin gedişatında önəmli rol oynayırdı və qəsəbənin əlimizdə olması bizə gələcək əməliyyatlarımızda üstünlük yaradırdı. Düşmən yəqin ki və təbii ki, bilirdi, biz bu istiqamətdən hərəkətə keçəcəyik. Talış kəndi və Suqovuşan qəsəbəsi bir gündə - keçən il oktyabrın 3-də işğaldan azad edilmişdir. Burada çox güclü istehkamlar qurulmuşdu, bir neçə müdafiə xətti təşkil edilmişdi. Bütün strateji yüksəkliklərdə, qəsəbəyə gedən yüksəkliklərdə düşmən yerləşmişdi. Azərbaycan Ordusu böyük qəhrəmanlıq və fədakarlıq göstərərək şiddətli döyüşlər nəticəsində Talışı və Suqovuşanı işğaldan azad etdi. Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad edilməsinin digər əhəmiyyətli tərəfi ondan ibarətdir ki, birinci azad edilmiş kəndlərdən sonra, - birinci kəndlər sentyabrın 27-də müharibənin ilk günündə azad edilmişdi - 6 kənd, - oktyabrın 3-nə qədər hər hansı bir yaşayış məntəqəsi azad edilməmişdi. Bunun təbii səbəbləri var idi, hazırlıq gedirdi, manevrlər gedirdi, şiddətli döyüşlər gedirdi. Ancaq müharibənin ilk günündə əldə edilmiş qələbələrdən sonra növbəti yaşayış məntəqələrinin azad edilməsi, əlbəttə ki, ordumuza, xalqımıza əlavə güc, mənəvi güc verdi və müharibənin yeddinci günündə səkkiz kəndin azad edilməsi, o cümlədən keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisində yerləşmiş bu kəndlərin azad edilməsi bizə böyük mənəvi üstünlük verirdi”.

Prezident bu kəndlərin strateji əhəmiyyətindən danışaraq bildirib ki, düşmənin çox böyük canlı qüvvəsinin yerləşdiyi həmin ərazinin azad olunması bölgədəki strateji yollara nəzarətimizi təmin edib, bununla da ermənilərin canlı qüvvəsinin hərəkəti, manevri üçün çox böyük problemlər yaranıb. Onlar müharibənin son gününə qədər əməliyyatlarda iştirak edə bilməyiblər: “Strateji yollar artıq bizim nəzarətimizdə idi, əgər buradan düşmən öz canlı qüvvəsini başqa yerlərə çəksəydi, əlbəttə, Azərbaycan Ordusu bu istiqamətdə bundan sonra da böyük dərəcədə irəliləyə bilərdi. Ona görə bizim taktiki addımlarımız və manevr etmək imkanlarımız düşünülmüş addımlar idi və demək olar ki, burada düşmənin böyük bir hərbi birləşməsi iflic vəziyyətdə qalmışdı”.





İlham Əliyev Suqovuşan qəsəbəsinin iqtisadi, sosial, siyasi, mənəvi əhəmiyyətini də diqqətə çatdırıb. Həmin fikirləri belə təsnifatlandırmaq olar:

- Suqovuşan su anbarı Sərsəng su anbarı ilə bərabər ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1976-cı ildə inşa edilib. Məqsəd keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati hüdudlarının kənarında yerləşən Tərtər, Bərdə, Ağdam, Goranboy və digər rayonlara su vermək idi. İşğal zamanı mənfur düşmən ekoloji terror törədib. Avropa Şurası Parlament Assambleyası Ermənistan əleyhinə bu barədə qətnamə qəbul edib. Məruzə müəlliflərinə qarşı erməni lobbi təşkilatları mənəvi terror siyasəti aparmağa başlayıblar. 
- İşğal dövründə ermənilər yay mövsümündə suyu kəsirdilər, qış mövsümündə isə suyu buraxırdılar. Yayda kəndlilər, fermerlər susuz qalırdı, qışda isə suyu buraxıb daşqınlara səbəb olan təbii fəlakət törədirdilər. Yəni bu, bir daha göstərir ki, biz hansı çirkin düşmənlə üz-üzəydik. 
- 30 il ərzində ilk dəfə Suqovuşan su anbarından Tərtər və digər rayonlara su verildi. 
- Kanallarda təmir işləri gedir. Şərqi Zəngəzur və Qarabağ iqtisadi zonalarında mövcud olan su ehtiyatlarının səmərəli şəkildə istifadəsi ilə bağlı konkret addımlar atılır və çox ciddi proqram icra edilməkdədir. Artıq su mənbələrinin bütün xəritələri tərtib edilib və yeni su anbarlarının tikintisi gündəlikdə duran məsələdir.
- “Suqovuşan-1” və “Suqovuşan-2” su elektrik stansiyaları bərpa olunaraq işlər vəziyyətə gətirilib. İnfrastruktur layihələrinin icrası ilə bağlı çox ciddi addımlar atılır. 
- Bu bölgəni elektrik enerjisi və su ilə təmin etmək üçün Suqovuşan qəsəbəsinin xüsusi əhəmiyyəti var və ərazinin işğaldan azad olunması mənəvi-psixoloji üstünlüyümüzü möhkəmləndirib.

Suqovuşanın əsarətdən qurtulduğu bir il ərzində qəsəbədə görülən işləri 10 illik fəaliyyətin nəticəsi ilə eyniləşdirmək olar. 30 illik işğala 44 gün içərisində son qoyan Azərbaycan dövlətinin tikinti, bərpa, quruculuq işlərini kosmik sürətlə aparması nəhəng gücün, sarsılmaz əzmin, riyazi dəqiqliklə planlaşdırılan siyasətin təzahürüdür.


Prezident Suqovuşanda Azərbaycan bayrağı ucaltdığı gün etdiyi tarixi çıxışında revanşist hisslərlə yaşayan ermənilərə müraciət ünvanlayaraq  belə deyib: “Mən buradayam, Suqovuşandayam, mən Şuşadayam, mən Hadrutdayam, mən Xocavənddəyəm, hər yerdəyəm. Siz haradasınız?! Cəhənnəmdə, gorbagor statusla bir yerdə. Vəssalam, qurtardı, bitdi”. 

Ali Baş Komandan onu da vurğulayıb ki, haqqa məğlub olan tərəf özünü yaxşı aparacağı təqdirdə rahat yaşaya biləcək: “Dəmir yumruq buradadır, heç yerə getməyib, yerindədir. Bizi əsəbiləşdirməyin, özünüzü yaxşı aparın. Özünüzü yaxşı aparsanız, onda rahat yaşaya bilərsiniz. Yox, əgər bir daha bizə qarşı hər hansı bir təxribat, bəyanat, hərəkət olarsa, heç kimə baxmadan başınızı əzəcəyik. Heç kim də sizi müdafiə edə bilməz. Bu gün Suqovuşanda və Talış kəndində olarkən bir daha xalqımızın, Silahlı Qüvvələrimizin qəhrəmanlığını görürəm. Buraya gələn hər kəs bunu görür və görəcək. Çünki bu yerləri işğaldan azad etmək, ölümə getmək, bax, xalqımızın böyüklüyünü göstərir.
Bu gün hər iki kənddə Dövlət bayrağını ucaldaraq şəhidlərimizin əziz xatirəsinə bir daha ehtiramımı bildirirəm. Azərbaycan xalqına da təşəkkürümü bildirirəm ki, müharibə dövründə bir yumruq kimi birləşib orduya dayaq oldu, mənə arxa oldu və biz bunun hesabına düşmənin başını əzdik, Qələbə çaldıq. Bundan sonra qalib xalq və müzəffər ölkə kimi əbədi yaşayacağıq.
Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”. 

2020-ci ildə işğaldan azad olunan Suqovuşanda tam bir il sonra Prezidentin bəyan etdiyi fikirlərin kəlmə-kəlmə əməli təsdiqini tapdığı 2022-ci ilin Novruz bayramı günü bir daha təsdiqləndi. 
Yurdlar geri alındı, quruculuq işləri davamlı xarakterlidir, törtöküntü erməni terrorçuları başlarını qaldıran kimi Dəmir Yumruğun zərbəsindən darmadağın olurlar, qalibiyyət müharibəsinin bütün iştirakçılarının qəhrəmalıqları layiqincə qiymətləndirilir, xalq məğrurluğunu yaşayır.  





Birinci tonqal Şuşada, ikinci tonqal Suqovuşanda qalandı 
 
20 mart 2022-ci il. Azərbaycanda Novruz bayramıdır. Prezident ənənəsinə sadiq qalaraq xalqı işğaldan azad olunmuş ərazilərdən təbrik edir. İlham Əliyev ötən il xalqa Şuşa şəhərindən Novruz bayramı təbriki ünvnlamışdı. Prezidenti və birinci xanım Mehriban Əliyeva bu dəfə Suqovuşana gedib, orada bayram tonqalı yandırıblar. Dövlət başçısı təbrikində bildirib ki, azərbaycanlıların “gələn ili azad edilmiş torpaqlarda, Qarabağda Novruz bayramını qeyd edəcəyik” arzusu reallığa çevrilib. 

“Bu gün mən Novruz tonqalını burada - Suqovuşanda qaladım, qədim Azərbaycan diyarı olan Suqovuşanda. Keçən il isə Novruz bayramını mən Şuşa şəhərində, hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etmişdim və Azərbaycan xalqına müraciət etmişdim. Şadam və xoşbəxtəm ki, artıq bu, bir ənənəyə çevrilib və Novruz bayramını biz burada, doğma Qarabağ diyarında qeyd edirik” – Prezident belə deyib.




Suqovuşanın qədim Azərbaycanın tarixi yeri olduğunu xatırladan İlham Əliyev 1923-cü ildə Qarabağda qanunsuz və heç bir əsası olmadan Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldığını, Qarabağın gözəl, səfalı yerlərinin, o cümlədən Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin qondarma quruma daxil edildiyini, sonra ermənilərin xalqımıza qarşı işğalçılıq siyasəti yürüdərək 30 ilə yaxın müddətdə Qarabağı və Şərqi Zəngəzurun bir hissəsini işğala məruz qoyduqlarını vurğulayıb: “Buna son qoyulmalı idi və son qoyuldu. Biz gördük ki, heç bir danışıqlar, heç bir siyasi addımlar bizi məqsədimizə yaxınlaşdırmır. Biz görürdük və bilirdik, ancaq güclü, daha iradəli olmalıyıq ki, öz haqqımızı qoruyaq, tarixi ədaləti bərpa edək. Azərbaycan dövləti, Azərbaycan Ordusu, bütün Silahlı Qüvvələrimiz bu tarixi missiyanı 2020-ci ildə yerinə yetirdi. Biz döyüşərək, qan tökərək, şəhidlər verərək doğma diyarımızı erməni işğalından azad etdik və Qarabağa qayıtdıq. Biz artıq burada yerləşmişik, biz buraya qayıtmışıq, doğma diyarımıza qayıtmışıq. Bütün Qarabağ və Şərqi Zəngəzur bölgəsində çox genişmiqyaslı abadlıq işləri aparılır, şəhərlər yenidən qurulur, kəndlər yenidən salınır. Əlbəttə ki, bizim əsas vəzifəmiz keçmiş məcburi köçkünləri tezliklə bu doğma diyara qaytarmaqdır”.

Abadlıq və quruculuq işlərinin Suqovuşan qəsəbəsində də geniş vüsət aldığını diqqətə çatdıran ölkə başıçısı qısa müddət ərzində böyük səmərə ilə və keyfiyyətlə 10 min kvadratkilometrdən çox olan ərazinni yenidən qurulmasna nail olmağın vacibliyini bildirib: “Mənfur düşmən işğal dövründə bütün şəhərlərimizi, kəndlərimizi yerlə-yeksan edib, bütün tarixi abidələrimizi dağıdıb, təhqir edib. Biz isə qurub-yaradan xalqıq. Müharibədən cəmi bir ildən bir qədər çox vaxt keçməsinə baxmayaraq, biz artıq qurub-yaradırıq. Əminəm ki, biz bütün planlara, nəzərdə tutulmuş bütün məqsədlərə nail olacağıq və nail oluruq”. 

İlha Əliyev bugünkü güclü Azərbaycanın bütün bu işləri görməyə qadir olduğunu əminliklə ifadə edərək bildirib ki, siyasi iradə, iqtisadi güc, xalqın səfərbərliyi, milli həmrəylik ən yüksək zirvədədir və əlbəttə ki, şanlı tarixi Zəfərimiz hər birimiz üçün qürur mənbəyidir: “Biz haqlı olaraq fəxr edirik ki, müzəffər dövlətin vətəndaşlarıyıq, ordumuzla fəxr edirik, insanlarımızla fəxr edirik. Bizə bu xoşbəxtliyi yaşadan gənclərimizlə fəxr edirik və əbədi fəxr edəcəyik. Biz Qarabağa və Şərqi Zəngəzura əbədi qayıtmışıq və burada, tarixi torpaqlarımızda bundan sonra əbədi yaşayacağıq.

Bu gün bu gözəl mənzərəli yerlərə baxdıqca bir daha görürəm, diyarımız nə qədər gözəldir, dağlarımız nə qədər əzəmətlidir. Bütün bu tarixi gözəlliyə biz gözəllik qatacağıq, zövq qatacağıq və burada azərbaycanlılar rahat yaşayacaqlar, sülh, əmin-amanlıq, təhlükəsizlik şəraitində yaşayacaqlar. Sülhün və təhlükəsizliyin təminatçısı Azərbaycan dövlətidir və Azərbaycan Silahlı Qüvvələridir”.

Mən xoşbəxt adamam ki, əziz, doğma xalqıma işğaldan azad edilmiş Qarabağdan Novruz bayramı münasibətilə təbriklərimi çatdırıram. Bu əziz gündə bir daha bütün Azərbaycan xalqını gözəl bayram münasibətilə təbrik etmək istəyirəm. Bir daha demək istəyirəm, bundan sonra da var gücümlə çalışacağam ki, Azərbaycan daim sürətlə inkişaf etsin, yüksələn xətlə getsin və qarşıda duran bütün vəzifələr icra edilsin. Qarabağ Azərbaycandır!”.
 
Suqovuşan belə quruluur
 
Suqovuşan cəmi ilyarmdır işğaldan azad olunub. 2020-ci il 3 oktaybr-2022-ci il 20 mart. Bu müddətdə görülən işlər yaxşı mənada heyrət doğurur. Tikinti-quruculuq fəaliyyətini əks etdirən layihələrin Novruz bayramı günü Prezidentin və birinci xanımın işrirakı ilə təqdimat mərasimiləri keçirilib. 




Müsasir standartalara cavab verən kabel xətti çəkilib

"Azərişıq" ASC tərəfindən Azərbaycanda ilk dəfə Suqovuşan qəsəbəsinə çəkilmiş 35 kilovoltluq müasir izolyasiyalı, kənar təsirlərdən mühafizəli və istismar xərcləri daha az olan kabel xətti çəkilib. 
Prezident gələcəkdə ölkəmizin bütün yerlərində bu sistemə keçməyin vacibliyini vurğulayıb. “Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov cavab verib ki, bu tapşırığın icrasına başlanılıb.   
        


Fərdi yaşayış evləri təmir olunur

Vətən müharibəsi zamanı Tərtərin işğaldan azad edilmiş Suqovuşan qəsəbəsində qismən yararsız vəziyyətə düşən 16 fərdi evdən biri əsaslı təmir olunub. Mənzil və həyatyanı sahəsi yüksək səviyyəli dizaynı,  hərtrəfli şəraiti ilə seçilir.



Orta məktəb tikilir

İlham Əliyev və Mehriban Əliyeva qəsəbədəki 144 şagird yerlik tam orta məktəbin binasında olub, təhsil müəssisəsindəki vəziyyətlə maraqlanıblar.
Məktəbinin binası Təhsil Nazirliyi tərəfindən təmir olunacaq. Ərazisi 1 hektardır. Binanın ümumi sahəsi 820 kvadratmetrə yaxındır. Məktəb 12 sinif otağından, 60 nəfərlik akt zalından və kitabxanadan ibarətdir.
Dördmərtəbəli binanın fasadının ətrafdakı fərdi evlərə uyğunlaşdırılacağı nəzərdə tutulur. Fasadda fərdi evlərdə olduğu kimi, dekorativ təbii daşlardan istifadə ediləcək. Məktəbdə müasir standartlara uyğun idman meydançası qurulacaq, həyətyanı sahə abadlaşdırılacaq.
Dövlət başçısı məktəb binasının əsaslı təmirinə başlanılması barədə tapşırıq verib.



İkimərtəbəli məscidin təməli qoyuldu
 
Prezident və  birinci xanım Suqovuşanda yeni tikiləcək ikimərtəbəli məscidin təməlini qoyublar. 
Qeyd edək ki, işğal dövründə vandalizmə məruz qalan mədəni-dini obyektlər sırasında İslam dini abidələri - məscidlər, türbələr və digər inanc yerləri mütləq əksəriyyət təşkil edir. Qarabağda rəsmi fəaliyyət göstərmiş 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. İşğaldan azad olunmuş ərazilərimizdə hazırda geniş quruculuq işləri aparılır, yeni məscidlər tikilir. Onlardan biri də Suqovuşan qəsəbəsində təməli qoyulan məsciddir.  




Hərbi hissənin açılşı oldu

Tərtər rayonunun Suqovuşan qəsəbəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin açılışı olub.


Turizm Kompleksinin təməli qoyuldu

Prezident həmin gün qəsəbədə Turizm İnkişaf Konsepsiyası əsasında yaradılacaq turizm kompleksinin təməlini qoyub. Dövlət başçısı və birinci xanım kompleksin ərazisində ağac əkiblər.
Suqovuşan Turizm Kompleksində işlər cari ilin sonunadək başa çatdırılacaq, növbəti mövsümdə turistlərə xidmət göstərəcək. Görülən işlər sübut edir ki, çox füsunkar, təkrarolunmaz təbiəti olan və tarixi abidələrlə zəngin Qarabağ bölgəsi tezliklə Azərbaycanın əsas turizm zonalarından birinə çevriləcək.
 
İşğaldan azad olunan ərazilərdə ilk idman tədbiri 

2022-ci ilin Novruz bayramı günü işğaldan azad olunan ərazilərdə ilk idman tədbirinin təşkili ilə də tarixə düşəcək. 
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası tərəfindən təşkil edilən ilk avarçəkmə təlim-məşq toplantısının da rəsmi açılışı olub.




Prezident təlim-məşq toplantısının rəsmi açılışını bildirən düyməni sıxandan sonra qarşı tərəfdəki metal konstruksiyadan “QARABAĞ AZƏRBAYCANDIR!” yazısı əks olunmuş banner açıldı, səmaya 7 min hava şarı buraxıldı və ardınca idmançılar məşq prosesinə başlayıblar.
İlham Əliyev  və Mehriban Əliyeva məşq prosesini və bayraq şousunu izləyiblər, Prezident xatirə hədiyyəsini imzalayaraq Federasiyaya təqdim edib.

İlham Əliyev Heydər Əliyevin əminliyini gerçəkləşdirdi

Baharın ilk qədəmləri mübarək oldu. Ulu öndər Heydər Əliyev gün gələcək Novruz bayramlarını bir il Şuşada, növbəti illəri Laçında, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik demşdi. İlham Əliyev Heydər Əliyevin əminliklə səsləndirdiyi bu fikirləri gercəkləşdirdi. Prezident kimi yürütdüyü milli siyasət, Ali Baş Komandan olaraq göstrərdiyi qətiyyət, xalqın iradəsi, ordunun gücü sarsılmaz Azərbaycan dövlətini qalibiyyət zirvəsinə ucaltdı.
 
Ceyhun Musaoğlu



  • 21-03-2022, 17:44