Ukrayna ilə Rusiya arasında gedən müharibə səngimək bilmir. Rusiya müharibənin davam etdiyi 24 gün ərzində hədəflərinə çata bilməyib. Bu səbəbdən indiki halda müharibənin bitə biləcəyini demək çətindir.
Digər tərəfdən isə hazırda müharibənin sonlandırılması Rusiyanın hərbi mifini darmadağın edə bilər. Çünki Rusiya 24 gün ərzində Ukraynada 14 mindən artıq hərbçisini və 6 generalını itirib. Təbii ki, bu qədər itki Rusiyanın hərbi gücünə mənfi təsir göstərir.Digər tərəfdən isə ölkə ağır sanksiyalarla üzləşərək maliyyə sıxıntıları yaşamaqdadır. Qərb ölkələri isə son günlər Rusiya oliqarxlarına qarşı ciddi araşdırmalar aparır və onların Avropada yerləşən əmlakları və banklardakı hesabları bloklanıb. Hesabların bloklanması həmin oliqarxların müflisləşməsinə gətirib çıxardacaq. Bununla yanaşı, Qərb dövlətləri Rusiyanın 640 milyard dollarlıq rezervinin 300 milyard dollarını dondurub. Bu da Rusiya milli bankı üçün ciddi itkidir. Hətta Rusiya Mərkəzi Bankının sədri hökuməti rezervlərin doldurulması ilə bağlı qərarından sonra maliyyə problemini aradan qaldıra bilməyəcəyi barədə xəbərdarlıq edib. Görünən odur ki, Qərb Rusiyaya sanksiyalar tətbiq etmək və rus oliqarxlarını müflisləşdirmək üçün bütün gücünü səfərbər edib.
Ukraynada müharibənin uzanması Kiyevi də narahat etməyə başlayıb. Çünki ölkədə sivil insanların ölümü sürətlə artır və kifayət qədər insan Ukraynanı tərk edib. Müharibənin davam etməsi isə Ukraynanı tərk edən insanların sayının kəskin artmasına gətirib çıxardacaq. Qaçqınların sayının artmasını Avropa İttifaqı da istəmir. Onlar qaçqın böhranı ilə üzləşəcəklərindən qorxurlar. Ukraynanın müahribə ilə əlaqədar çətinlik çəkdiyi məqamlardan biri NATO-nun hava məqanını bağlamaqdan imtina etməsidir. Ölkə prezidenti Volodimir Zelenski dəfələrlə bu barədə ABŞ və Avropa liderlərinə müraciət etsə də, onun ölkəsinin hava məkanı hələ də qapadılmayıb.
Görünən odur ki, ABŞ və Avropa Ukraynanın hava məkanını bağlamaq fikrində deyil. Onlar Ukraynanın hava məkanı qapadacağı təqdirdə Rusiya xeyli sayda hərbi təyyarəsini itirə bilər. Rusiya əvvəlcədən xəbərdarlıq edib ki, NATO Ukraynanın hava məkanını bağlasa, müharibənin birbaşa iştirakçısına çevriləcək.
NATO ölkələri bundan ehtiyyat edir. Onlar düşünürlər ki, Rusiya ilə müharibə etmək, nüvə silahlarından istifadəyə gətirib çıxara bilər. Belə olacağı halda isə dünya ciddi təhlükəylə üzləşə bilər.
Daşqın Həsənov
Missiya.Az