“Ukraynada talançılıqla məşğul olan və şübhəli bilinən şəxslər xalqın gözü qarşısında şallaqlana bilər”.
Missiya.Az xəbər verir ki, bu sözləri Ukrayna Daxili İşlər nazirinin müşaviri Vadim Denisenko “Ukrayna 24” telekanalının efirində talançılıq edənlərlə bağlı danışarkən deyib.
Denisko bildirib ki, talançılar ən yaxşı halda ağaca bağlanacaq, şalvarı çıxarılaraq döyüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə şallaqlanma faktları ilə bağlı çoxsaylı videolar paylaşılıb. Video görüntülərdə “talançı” elan edilən şəxslər ağaca və divara bağlanaraq şallaqlanıb. Volın vilayətinin Milli Polisinin verdiyi məlumata görə, qamçılananlardan biri dünyasını dəyişib.
Xatırladaq ki, Ukraynanın prezidenti Voladimir Zelenski bundan əvvəl talançılığa qarşı mübarizə məqsədi ilə qanun imzalayıb. Qanuna əsasən döyüş meydanında başqasının əmlakını ələ keçirməyə çalışan, hərbi əməliyyatlardan öz mənfəəti üçün istifadə edən, həmçinin yaralananları qarət etmək istəyənləri cəza gözləyir. Qanunda quldurluq, soyğunçuluq və ya əmlakın mənimsənilməsi cinayətləri törədənlərə 5 ildən 15 ilədək, o cümlədən talançılığa görə 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Sevinc Hüseynova