Proseslər göstərir ki, Rusiya-Ukrayna müharibəsi hər keçən saat Moskvanın əleyhinə işləyir. Bir tərəfdən hərbi uğursuzluq, digər tərəfdən isə tətbiq edilən ağır sanksiyalar Moskvanı çətin vəziyyətə salıb və daha da aqessivləşdirib.
Kreml hazırda elə bir vəziyyətdədir ki, Ukraynada nə geri addım ata bilir, nə də istədiyi sürətlə irəliləyə bilir.
Prezident Vladimir Putin anlayır ki, Qərbin sanksiyaları nəticəsində ciddi maliyyə itkiləri ilə üzləşən Moskva iqtisadi təzyiqlərə görə Ukraynadan çıxsa, ölkəsinin həm siyasi, həm də hərbi imici yerlə bir olacaq.
Rusiya Ukraynada irəliləməyə çalışdıqca isə hər gün yüzlərlə əsgər, milyardlarla dollar itirir. Bu itkilər Moskvanı həm əsgər ailələrinin həm də sosial problemlərlə üzləşən əhalinin təzyiqləri ilə üz-üzə qoya bilər. Düzdür, şiddətli hücumlar nəticəsində Ukrayna əhalisi arasında da ciddi itkilər var və şəhərlərə böyük ziyan dəyib. Amma Kiyev Qərbdən aldığı silahlar vasitəsi ilə müdafiəsini gücləndirməkdə davam edir və Rusiya ordusuna qarşı ciddi müqavimət göstərir. Putin Ukraynanı işğal etməyə başladığı günü Qərbə xəbərdarlıq etmişdi ki, əgər NATO müdaxilə edəcəksə, tarixində heç vaxt görmədiyi nəticələrlə üzləşəcək. NATO isə bu təşkilatın müdafiə üçün yaradıldığını bəyan edib, Ukrayna-Rusiya müharibəsinə birbaşa müdaxilə etməyəcəyini bildirib. Putinin Rusiyanın məxsus olduğu böyük nüvə arsenalına güvənərək Qərbi təhdid edir və Ukrayna müharibəsindən kənarda saxlamağa çalışır.
Qeyd edək ki, Rusiyada 5977 ədəd nüvə başlığı var. Nüvə başlıqları qurudan, sudan və təyyarələrdən buraxılma qabiliyyətinə malikdir. Bu nüvə başlıqlarının arasında Amerikanı 30 dəqiqəyə, İngiltərəni isə 20 dəqiqəyə vurmaq imkanlarına malik ballistik raketlər var.
Putin çıxışlarının birində demişdi:
“Əgər kimsə Rusiyanı məhv etmək qərarına gəlsə, bizim buna qanuni şəkildə cavab vermək haqqımız var. Bu bəşəriyyət və dünya üçün bir fəlakət olacaq. Rusiyanın olmadığı dünya nəyə lazımdır?” Müharibə başlayandan Kreml artıq neçənci dəfədir ki, nüvə silahından istifadənin ehtimallarına eyham vurur. Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün verdiyi açıqlamada bildirib ki, Üçüncü Dünya müharibəsi dağıdıcı nüvə müharibəsi olacaq.
Təbii ki, Rusiyanın nüvə silahından istifadə etməsi, dünyanı böyük fəlakətlə üz-üzə qoyacaq. Amma proseslər göstərir ki, Qərb dövlətləri Kremlin nüvə hədələrindən çəkinənə oxşamır və Ukraynanı silahlandırmağa davam edəcəklər.
Daşqın Həsənov
Missiya.Az