AZ   |   RU
Qərbin sanksiyaları Putini fikirindən döndərəcəkmi? - Rusiyanın "Donbas planı" - ŞƏRH

Rusiya prezidenti Vladimir Putinin Təhlükəsizlik Şurasının iclasında Ukraynanın Luqansk və Donetsk bölgələrinin “müstəqilliyi” ilə bağlı verdiyi qərar, siyasətçilərin və dünya mediasının əsas müzakirə mövzusu olaraq qalır. 

Rusiyanın bu qərarı Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə açıq təhdiddir. Putin separatçı rejimlərə dəstəyi Qərbin münaqişənin həll olunmasında ümid bağladığı Minsk razılaşmasını da tarixə qovuşdurmuş olur. Rusiya prezidenti də Minsk razılaşmasının artıq mövcud olmadığını deyib və bildirib ki, Moskva Donetks və Luqansk Xalq Respublikalarının müstəqilliyini tanıyır. 

Putin-Bayden və Putin-Ərdoğan görüşü baş tuta bilərmi? 

Qərb dövlətləri Rusiya prezidentinin Ukrayna ilə bağlı qərarına kəskin etiraz edib və sanksiyalar tətbiq ediləcəyini açıqlayıb. ABŞ da Moskvanın qərarına sərt mövqe nümayiş etdirib. 

Çox güman ki, fevralın 24-də Rusiya prezidenti Vladimir Putinlə ABŞ lideri Co Bayden arasında görüş baş tutmayacaq. Hələlik Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təklifi ilə Ukrayna və Rusiya liderlərinin görüşünün keçirilməsi mümkünsüz görünür. Çünki Rusiya prezidentinin son qərarları ilə Ukrayna münaqişəsi yeni mərhələyə qədəm qoydu. Bu səbəbdən, münaqişənin həlli üçün yeni təkliflər, yeni çıxış yolları hazırlanmalı, daha sonra liderlərin görüşü keçirilməlidir.   
 
Rusiya Donbasda Krım ssenarisini işə sala bilərmi?

Vladimir Putin Donetsk və Luqanskin müstəqilliyini “tanımaqla” Rusiyanın həmin bölgələrə girişini “qanuniləşdirdi”. Çox ehtimal ki, bölgədəki separatçılar “Ukrayna bizə təhlükə yaradır” bəhanəsi ilə Moskvanı köməyə çağıracaq və ardınca ərazinin Rusiyaya ilhaq edilməsi prosesi başlayacaq. Rəsmi Moskva dolayı yollarla Ukraynanın Krım regionunda da eyni ssenarini tətbiq eləmişdi. 

Zelenskinin bəyanatları nəyisə dəyişə bilərmi? 

Rəsmi Kiyev də Moskvanın təzyiqləri qarşısında geri çəkilmək fikirində deyil. Rusiyanın qondarma respublikalarla bağlı “müstəqillik” qərarı verdikdən sonra Ukrayna prezident Volodimir Zelenskinin rəhbərliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi. Zelenski iclasda bildirdi ki, Ukrayna Rusiya Federasiyasının hər hansı bəyanatlarına və hərəkətlərinə baxmayaraq, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində qalacaq. 

“Rusiyanın qondarma LXR və DXR-in müstəqilliyini tanıması Ukraynanın ərazi bütövlüyünə müdaxilə deməkdir. Bütün bunlara görə məsuliyyəti Rusiya tərəfi daşıyır”. 

Zelenskinin bu cür bəyanatlar verməsi heç nəyi dəyişməyəcək. Çünki Kreml belə bəyanatlardan çəkinsəydi, ümumiyyətlə Ukrayna münaqişəsinin yenidən alovlanmasında maraqlı olmazdı.
 
Ukraynanın bircə çıxış yolu qalır: Kiyev separatçıların nəzarətində olan bölgəyə qoşun yeridib, ərazi bütövlüyünü təmin edə bilər. 


Əsas sual ondan ibarətdir ki, Ukrayna Rusiyanın dəstəklədiyi, külli miqdarda silah verdiyi separatçılarla bacara biləcəkmi? Çox ehitmal müharibə baslayarsa, döyüşlər Luqansk və Donetsk qüvvələri ilə deyil, Ukrayna və Rusiya orduları arasında gedəcək. Bu isə Ukraynanın işini daha da çətinləşdirir. Çünki Ukrayna Rusiya ilə böyük müharibəyə başlayarsa, ərazilərinin digər hissələrini də itirməklə üz-üzə qalacaq. 

ABŞ və Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyaları Moskvanı Ukrayna ilə bağlı planlarından çəkindirə bilərmi? 

ABŞ başda olmaqla Qərb ölkələri Rusiyanı Ukrayna ilə bağlı verdiyi qərarlara görə sərt sanksiyalarla hədələyir. Rusiya isə Qərbin təzyiqlərindən və sanksiyalarından çəkinmədiyini bəyan edir. Qərb dövlətləri Rusiyanın qərarı ilə bağlı sanksiyalar tətbiq etməyə başlasa da, qadağaları əsasən Moskvaya tərəf deyil, qondarma Donetsk və Luqansk Xalq Respublikalarına qarşı yönəlib. Qondarma respublikalar iqtisadi və siyasi cəhətdən Rusiyaya bağlı olduğu üçün sanksiyaların onlara təsir edəcəyi ilə bağlı ehtimallar azdır. 

Ehtimal etmək olar ki, ABŞ və müttəfiqləri Rusiyaya qarşı daha ağır sanksiyalar tətbiq edəcək. Amma proseslər göstərir ki, Qərb-Rusiya qarşıdurmasından ən çox ziyan çəkən Ukrayna olacaq. Çünki Rusiya üçün Qərbin tətbiq etdiyi sanksiyalar maraqlı deyil və Kremlin açıqlamalarından belə qənaətə gəlmək olar ki, Moskva öz mövqeyindən geri addım atmayacaq. 

Daşqın Həsənov
Missiya.Az


  • 23-02-2022, 13:56