Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxrac və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və Rusiya Federasiyasının Udmurtiya Respublikasının İnkişaf Korporasiyasının birgə təşkilatçılığı ilə biznes forum keçirilib.
Missiya.Az xəbər verir ki, nazirlikdən verilən məlumata əsasən, tədbirdə Azərbaycan və Udmurtiyanın rəsmi şəxsləri ilə yanaşı, qida sənayesi, mebel, dəmir yolu avadanlıqları istehsalı və digər sahələr üzrə ixtisaslaşmış 50-dək şirkətin, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.
Biznes forumda çıxış edən iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan və Rusiya dövlət başçılarının səyləri nəticəsində ölkələrimiz arasında əlaqələrin digər istiqamətlərdə olduğu kimi, iqtisadi sahədə də yüksək səviyyədə olduğunu, Rusiyanın regionları ilə işgüzar münasibətlərin inkişaf etdiyini diqqətə çatdırıb, ölkəmizdə iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı tədbirləri barədə məlumat verib, işğaldan azad edilmiş ərazilərdə aparılan quruculuq işlərinə Rusiya şirkətlərinin böyük maraq göstərdiyini vurğulayıb.
Udmurtiya Respublikası Hökumətinin sədr müavini Mixail Xomiç Azərbaycanla əməkdaşlığın inkişafına xüsusi önəm verildiyini diqqətə çatdırıb, tərəfdaşlığın gücləndirməsində iş adamları arasında əlaqələrin əhəmiyyətindən bəhs edib.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində reallaşdırılan tədbirlər və əldə olunan nəticələr barədə məlumat verib.
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti, KOBİA-nın iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstəyi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
Biznes forumda Udmurtiya şirkətlərinin fəaliyyətinə dair təqdimatlar dinlənilib, iş adamları arasında ikitərəfli görüşlər keçirilib, əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb.
Tədbir çərçivəsində AZPROMO və Udmurtiyanın İnkişaf Korporasiyası, həmçinin “Udmurtiya “Dostluq” Azərbaycan İctimai Mərkəzi” Regional İctimai Təşkilatı və Azərbaycanın Rus İcması arasında əməkdaşlığa dair razılaşmalar imzalanıb.