Son günlər Qarabağdakı separatçı rejim bu il prezident və parlament seçkiləri keçirəcəkləri haqqında sərsəm bəyanatlar səsləndirməyə başlayıblar. Separatçılar prezident və parlament seçkiləri keçirməklə bir növ hələ də qondarma respublikanın mövcud olmasını sübut etməyə çalışırlar. Əslində separatçı rejim bu məqsədlə əzəzlə nümayiş etdirir. Görünən odur ki, 44 günlük ağır məğlubiyyətdən hələ də dərs çıxarmayıblar.
Separatçı rejimin suveren ərazimizdə seçkilər keçirməsi Azərbaycanın ərazi bütövlüyünə ziddir. Onsuz da Azərbaycan dövləti Qarabağdakı separatçı rejimin hoqqabazlıqlarına sona kimi dözmək niyyətində deyil. Gec-tez separatçıların silahlı dəstələri Qarabağı ya öz xoşları ilə, ya da güc yolu ilə tərk etmək məcburiyyətində qalacaqlar. Çünki Azərbaycan ərazisindən erməni silahlı birləşmələri çıxarılmadıqca, ordumuza qarşı Qarabağda hər an təxribatlar olacaq.
Əslində oradakı silahlı birləşmələrin Qarabağdan çıxarılmasını Rusiya sülhməramlıları həyata keçirməlidir. Çünki 9 noyabr üçtərəfli bəyanatında erməni silahlı dəstələrinin Qarabağdan çıxarılması ilə bağlı konkret müddəa yer alıb.Ancaq görünən odur ki, Rusiya sülhməramlıları oradakı silahlı birləşmələri qoruyub saxlamaqda maraqlıdır.
Yəqin ki, Rusiya rəsmiləri Azərbaycanın Qarabağdakı silahlılarla bağlı səbr nümayiş etdirdiyini görürlər. Amma bu səbrin də bir həddi var. 44 günlük müharibədə düşməni necə ağır məğlubiyyətə uğradıb torpaqlarımızı işğaldan azad edə bildiksə, Qarabağda hər an antiterror əməliyyatı keçirib silahlıların oradan çıxarılmasına nail ola bilərik.
Azərbaycan dövləti və ordusu bu əməliyyata hər an hazırdır. Ölkəmizin öz ərazisindən qanunsuz silahlı birləşmələri zərərsizləşdirməklə bağlı qərarına nəinki Rusiya, heç bir xarici güc etiraz edə, mane ola bilməz.
Qaldı ki, separatçıların Qarabağda seçki keçirməsinə, bu qərar heç nəyi dəyişən deyil. Çünki Azərbaycan prezidenti İlham Əliyev ötən il Dağlıq Qarabağ iqtisadi zonasını ləğv edərək Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonu yaradıb. Bu o deməkdir ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur və həmin ərazidə hər hansı seçkinin keçirilməsi isə qanuni sayıla, əhəmiyyət daşıya bilməz. Daşqın Həsənov Missiya.Az