ABŞ Prezidenti Cozef Baydenlə Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı başlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Məlumata görə, danışıqlar Bakı vaxtı ilə saat 20:00-da başlayıb. Öz növbəsində NBC telekanalı da Ağ Evə istinadən bu dəqiqələrdə dövlət başçıları arasında telefon danışığının aparıldığını xəbər verib. Liderlərin Rusiya-Ukrayna gərginliyini, o cümlədən Ukrayna ətrafında vəziyyəti müzakirə etdikləri vurğulanır.
Qeyd edilir ki, ABŞ lideri hazırda Kemp-Deviddəki (Merilend ştatı) iqamətgahındadır.
Daha əvvəl Rusiya liderinin mətbuat katibi Dmitri Peskov bildirib ki, telefon danışığı təşəbbüsü Vaşinqtondan gəlib və Amerika tərəfinin yazılı müraciəti olub.
Putin və Bayden sonuncu dəfə ötən ilin sonunda telefonla danışıblar. Bundan əvvəl dekabrın 7-də onlar videokonfrans vasitəsilə danışıqlar aparıblar. Rusiya və ABŞ rəhbərləri arasında dövlət liderləri kimi ilk təkbətək görüş 2021-ci ilin iyununda Cenevrədə baş tutub.