"Bu gün Azərbaycan və Rusiya arasında mövcud olan logistika marşrutlarını şaxələndirmək lazımdır. Burda ilk sırada dəmir yolları dayanır".
Missiya.Az xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov bu gün Xaçmazda “Aqroekspress” layihəsinin işə salınması çərçivəsində Ləcət stansiyasında ilk yük qatarının göndərilmə mərasimində deyib.
"Ümid edirəm ki, bu gün göndərilən yüklər daimi xarakter alacaq", - səfir bildirib.
Onun sözlərinə görə, bu gün keçirilən tədbir ölkələr arasında münasibətlərin çoxşaxəli olduğunu əks etdirir: "Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putin arasında əlaqələr mövcud olan əməkdaşlığımızın inkişafı üçün stimul rolunu oynayır. Deməliyəm ki, bu gün şahidi olduğumuz hadisə Rusiya və Azərbaycan arasında Hökumətlərarası Komissiyanın iclaslarında məhsuldar müzakirələrin nəticəsidir. Bu görüşlərdə bizim iqtisadi və ticarət əməkdaşlığımızda istiqamətlərin diversifikasiyası aktiv şəkildə müzakirə olunur".
M. Boçarnikov vurğulayıb ki, bu gün Azərbaycan və Rusiya arasında "Aqroekspress" layihəsi çərçivəsində ilk qatarın getməsi bizim ticarət dövriyyəsinin effektiv və çoxtərəfli olması ilə bağlı atılmış növbəti addımdır: "Bu məhsullar (meyvə-tərəvəz məhsulları, xüsusilə Azərbaycan xurması) Rusiyada məşhurlaşır".
Onun sözlərinə görə, 2021 -ci ildə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi
3 milyard ABŞ dolları ötüb. Bunun əhəmiyyətli hissəsini Azərbaycandan Rusiyaya aqrar məhsulların çatdırılması təşkil edib.