Prezident İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü ildə Bakı şəhərində keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında Sərəncam imzalayıb.Missiya.Az xəbər verir ki, Sərəncamda deyilir:
Azərbaycanda müasir texnologiyaların geniş tətbiqi, rəqəmsal inkişaf və kosmik sənaye quruculuğu sahəsində mühüm nailiyyətlər əldə edilib. Ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb, informasiya təhlükəsizliyinin vacib komponenti olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb.
Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Uğurlu peyk layihələri sayəsində Azərbaycan dünya kosmik ailəsinin bir üzvünə çevrilərək beynəlxalq kosmik icmada böyük nüfuz qazanıb.
Kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, formalaşmış yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanıb. İlk dəfə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi dövründə ‒ 1973-cü ildə Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresinə 50 il sonra Azərbaycanın yenidən ev sahibliyi etməsi böyük rəmzi məna daşıyır.
Dünya miqyasında ən mötəbər tədbirlərdən biri olan bu Beynəlxalq Konqresin ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, beynəlxalq kosmik icma və onu təmsil edən Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsinə, habelə qlobal kosmos sənayesinə daha yaxından inteqrasiya istiqamətində əvəzolunmaz imkanlar yaradacaq.
Sərəncama əsasən, 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2–6-da Bakı şəhərində keçirilməsi ilə əlaqədar aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılıb:
Təşkilat Komitəsinin sədriBaş nazir
Təşkilat Komitəsi sədrinin müaviniRəqəmsal inkişaf və nəqliyyat naziri
Təşkilat Komitəsinin üzvləriXarici işlər naziri
Daxili işlər naziri
Maliyyə naziri
Fövqəladə hallar naziri
Səhiyyə naziri
Mədəniyyət naziri
Təhsil naziri
Gənclər və idman naziri
Dövlət Gömrük Komitəsinin sədri
Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi
Dövlət Sərhəd Xidmətinin rəisi
Dövlət Miqrasiya Xidmətinin rəisi
Dövlət Turizm Agentliyinin sədri
Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
Azərbaycan Respublikası Kosmik Agentliyinin (Azərkosmos) İdarə Heyətinin sədri
“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri
Heydər Əliyev Mərkəzinin direktoru
Bakı Konqres Mərkəzinin direktoru.
Bu Sərəncamın 1-ci hissəsi ilə yaradılmış Təşkilat Komitəsi 74-cü Beynəlxalq Astronavtika Konqresinin 2023-cü il oktyabrın 2‒6-da Bakı şəhərində keçirilməsinə dair Tədbirlər Planı hazırlayıb həyata keçirəcək.
Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək.