NATO-nun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycanın 8 hərbçini Ermənistana qaytarmasına münasibət bildirib.
Missiya.Az xəbər verir ki, o, rəsmi Bakının bu addımını müsbət qiymətləndirib.
"Doğrudan da, yaxşı xəbərdir. NATO həm Ermənistan, həm də Azərbaycan ilə tərəfdaşlığımızı yüksək qiymətləndirir və onların münasibətlərinin normallaşmasına tərəfdardır ki, bu da regionda sabitliyin və rifahın artmasına töhfə verəcək", - X.Kolomina tviter səhifəsində yazıb.
Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, 7 fevral 2022-ci il tarixdə 8 nəfər erməni əsilli hərbi qulluqçunu Ermənistan tərəfinə qaytarıb. Həmin şəxslərin bir qismi 2021-ci ilin 16 noyabr tarixində Ermənistan Silahlı Qüvvələrinin dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində törətdiyi təxribatın qarşısı alınarkən saxlanılan hərbi qulluqçulardır.