Səhiyyə naziri Teymur Musayev yeni təyin olunmuş nazir müavinlərini kollektivə təqdim edib.
Missiya.Az bu barədə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 3 fevral 2022-ci il tarixli müvafiq sərəncamlarına əsasən, İlqar Əbülfəz oğlu Qasımov, Nadir Azər oğlu Zeynalov və Rasim Miskin oğlu İsmayılov səhiyyə nazirinin müavinləri təyin olunublar.
Öz çıxışında Teymur Musayev bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə bu gün bütün sahələrdə peşəkar, vətənsevər kadrlara etimad göstərilir: “İlqar Qasımov, Nadir Zeynalov və Rasim İsmayılov bir sıra məsul vəzifələrdə fəaliyyət göstərərək, bu sahədə təcrübə və idarəçilik bacarığına malik olduqlarını göstəriblər. Əminəm ki, onlar bu yüksək etimadı doğruldacaq və qarşıda duran vəzifələrin öhdəsindən layiqincə gələcəklər”.
Teymur Musayev nazir müavinlərini təyinat münasibətilə təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Öz növbəsində yeni təyin olunmuş müavinlər onlara göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Vurğulanıb ki, səhiyyə sistemində başlanan islahatlar prosesinin davam etdirilməsi və qarşıda duran vəzifələrin həyata keçirilməsi üçün var qüvvələrini və bacarıqlarını əsirgəməyəcəklər.