Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanının nəticələri elan olunub.
Missiya.Az xəbər verir ki, imtahan iştirakçıları nəticələr, cavab kartı və yazı işlərinin qrafik təsviri ilə DİM-in internet saytında tanış ola bilərlər.
Namizədlər imtahanın nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə iş nömrələrini 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.
İmtahanda 460 nəfər iştirak edib.
Xarici İşlər Nazirliyində diplomatik xidmətə qəbul imtahanı üç hissədən ibarət olub – test imtahanı, Azərbaycan dilində esse və seçilən xarici dildə esse. Hər bir hissə üzrə imtahanın nəticələri 100 ballıq şkalada qiymətləndirilib və bütövlükdə toplanıla bilən maksimal bal 300-ə bərabər olub. İmtahanın nəticəsinə əsasən, namizədlərin C1 səviyyəsində biliklərə malik olması tələbi nəzərə alınaraq xarici dildə yazılan esse üzrə nisbi balı ən azı 50 olan və ümumi bala görə ən yüksək nəticə göstərən ilk 100 namizəd müsahibədə iştirak etmək hüququ qazanıb. 100 nəfər arasında ən aşağı nəticə göstərən və müsahibədə iştirak etmək hüququ qazanan namizədin balı 189.5 olub.
İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 10 fevral 2022-ci il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 2022-ci il 8-9 fevral tarixlərində DİM-in internet saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çoxu 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.