Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Dini etiqad azadlığı haqqında” qanuna təklif edilən dəyişikliklərə münasibət bildirib.
Missiya.Az xəbər verir ki, Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov müsahibəsində qanuna təklif edilən dəyişikliklərin təşəbbüskarının Milli Məclis olduğunu deyib.
O xatırladıb ki, dəyişikliklər Milli Məclisdə birinci oxunuşda qəbul edilib: “Prosedur belədir ki, dəyişikliklər parlamentdə ikinci və üçüncü oxunuşda qəbul edilməli, daha sonra həmin dəyişikliklərin qüvvəyə minməsi barədə ölkə Prezidenti fərman imzalamalıdır. Yalnız bundan sonra qanun icra ediləcək. Təbii ki, təklif edilən dəyişiklər qəbul ediləcəyi təqdirdə dini sahədə yeniliklər olacaq”.
“Birincisi, müsəlman din xadimlərinin təyinatı dövlət qurumu tərəfindən həyata keçiriləcək. İkincisi, dini icmalar dövlət qeydiyyatından keçmək üçün təsis sənədlərini dini mərkəz və idarələr vasitəsilə deyil, birbaşa dövlət orqanına təqdim edəcəklər. Üçüncüsü, vətəndaşlar həm nəğd, həm də elektron, plastik kartlar, internet vasitəsilə ianə (sədəqə) verə biləcəklər. Bütün bunlar təbii ki, dövlət-din münasibətləri sahəsində islahat mahiyyətində dəyişikliklər deməkdir. Qeyd edim ki, bu dəyişikliklər müasir dövrün çağırışları ilə uzlaşır”, - Dövlət Komitəsinin sədr müavini əlavə edib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılovun geniş müsahibəsini buradan oxuya bilərsiniz.