AZ   |   RU
Mikayıl Cabbarov İtaliya şirkətlərini Azərbaycanla fəal əməkdaşlığa dəvət edib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında iştirak üçün ölkəmizdə səfərdə olan İtaliyanın Ekoloji Keçid Nazirliyinin Dövlət Katibi xanım Vannia Qava ilə görüşüb.

Missiya.Az
xəbər verir ki, İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, nazir ölkələrimiz arasında əməkdaşlığın uğurlu inkişafını, dövlət başçılarının səfərlərinin, aparılan danışıqların əlaqələrin genişləndirilməsində mühüm əhəmiyyətini qeyd edib. Vurğulanıb ki, 2020-ci ilin fevralında Prezident İlham Əliyevin İtaliyaya səfəri ikitərəfli əlaqələrin inkişafına ciddi təkan verib.

İtaliya ilə iqtisadi-ticarət əməkdaşlığı inkişaf edir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır. 2021-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 9,7 milyard dollara yaxın olub. İtaliya şirkətləri ölkəmizdə uğurla fəaliyyət göstərir.

Nazir diqqətə çatdırıb ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rola malikdir. 2020-ci ilin 31 dekabrında tam istismara verilmiş Cənub Qaz Dəhlizi Azərbaycanın önəmli enerji təminatçısı kimi mövqeyini daha da möhkəmləndirib, iştirakçı ölkələr arasında tərəfdaşlığı gücləndirib.

Görüşdə Azərbaycanın əlverişli biznes və investisiya mühiti vurğulanıb, İtaliya şirkətləri fəal əməkdaşlığa dəvət edilib.

Vannia Qava enerji və qeyri-neft sektoru sahələrində əməkdaşlığın genişləndirilməsinə dair səmərəli müzakirələrin önəmini qeyd edib, tərəfdaşlığın inkişafı istiqamətləri barədə fikirlərini bölüşüb.

Tərəflər ölkələrimiz arasında iqtisadi əlaqələrin, xüsusilə enerji sahəsində əməkdaşlığın uğurlu inkişafını vurğulayıb, kənd təsərrüfatında İtaliya texnologiyalarından istifadə, alternativ enerji, azad olunmuş torpaqlarımızda su elektrik stansiyasının tikintisi və s. istiqamətlər üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparıblar.


  • 3-02-2022, 19:03