“Moskva Rusiya qoşunlarının öz ərazisindən kazarmaya qaytarılmasına dair ABŞ-ın qəbuledilməz tələblərini hətta müzakirə etməyə belə hazır deyil".
Missiya.Az TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “1TV”nin “Böyük oyun” proqramındakı çıxışında bildirib.
“Onlar artıq qoşunların Ukrayna sərhədlərindən çəkilməsini deməklə kifayətlənmir, qoşunun kazarmaya qayıtmasını istəyirlər. ABŞ dövlət katibinin birinci müavini Vendi Şerman mətbuat konfransında məhz bunu açıq-aşkar bildirib. Fikrimcə, bu, qətiyyən qəbuledilməzdir. Biz bu məsələni hətta müzakirə belə etməyəcəyik”, - S.Lavrov vurğulayıb.
Xatırladaq ki, yanvarın 10-da ABŞ-Rusiya, yanvarın 12-də isə NATO-Rusiya Şurasının toplantısı keçirilib. Görüşlərdə Ukrayna ətrafında yaranan vəziyyət müzakirə olunub.