AZ   |   RU
QHT-lərin Xüdafərin ziyarətindən reportaj

QHT-lərə Dövlət Dəstəyi Agentliyi və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə vətəndaş cəmiyyəti institutunun təmsilçiləri Xudafərini ziyarət etdi.

Getdik, gördük, qovuşduq. Hər daşında, çınqılında, otunda, yarpağında, qayasında, Araz çayının cilvələnən sularında möhtəşəm Zəfər tarixinin nişanələri aydın görünürdü. 

Xudafərini düşməndən alan igidlərin arasında yaxın qohumum Ruslan Hənifəyev də olub. Zəngilan, Füzuli, Cəbrayıl uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətə görə Prezidentin imzasıyla 4 medala layiq görülüb. İgidliyə görə də medal alıb. Əməliyyatlar barədə soruşanda cəmi bir cümlə deyir: “Ali baş Komandan, Ordu və xalqın birliyi sözünü 44 gün içərisndə dedi və nidasını da qoydu”. 

Bu müqəddəs ərazini məmləkətimizə qaytaran qəhrəman hərbçilərimizin hər birinə Xüdafərin ziyarətində əsgəri salam verdim, qarşılarında təzim etdim. Onlar sapsağlamıydılar, sevinirdilər ki, məmləkəti arzusuna çatdırıblar. 

Kainat həcmində xoşbəxtliyi xalqa əbədi yaşadanların əsgər çəkmələrinin izlərinə düşüb, 30 ildən sonra bərpa edilən dövlət sərhədinin Xudafərin ərazisini qarış-qarış gəzdik. Arazın aynasında bir anlıq keçmişi, 1993-cü ildə yaşadığımız faciəvi günlərin mənzərəsini gördüm. Zəngilanlılar, cəbrayıllılar Arazdan keçib köçkünlük həyatına düçar olmuşdular. İndi həmin çay vətəninə dönən insanları sevincə bürünən şadraq səsilə qarşılayır. 

2020-ci il oktyabrın 18-i Xudafərin üzərində Azərbaycan bayrağı ucaldıldı. Cəbrayıl, Xudafərin, Araz, bayraq, torpaq – hamısı bizimdir, Azərbaycanındır, Azərbaycandır. 
Xudafərinə hələlik deyib, Cəbrayılın mərkəzinə gedirik. Uşaqlıq xatirələrim bu yola səpələnib. Dəmir yolu idi. Qatarla Zəngilandan Bakıya qayıdardıq. İndi dəmir yolu torpaq yola çevrilib. İşğalçı erməni relsləri, mühəndis qurğularını vəhşicəsinə yoxa çıxarıb.
Həmkarım Samir Mehdizadə də əslən Cəbrayıldandır. Yolboyu söhbət edirik. Vətənin qovuşduğu səadətin ölçüyəgəlməzliyindən danışırıq. Yeni düstur tapılmalı, yeni teorem kəşf olunmalıdır ki, Azərbaycanın 28 illik işğala 44 gün içərisində son qoymasının dəqiq tərifini verə bilsin. Bəli, dövlətimiz daim kəşf olunacaq. Bu
“Dostluq bulaq”ındayıq. Sovet dövründə qurulub. Rayonumuzu viran qoyan düşmən bulağı da dağıdıb. Azərbaycanlının dostluğa dəyər verməsinin şərəfinə tikilən bulağı şərəfini düşmənlik xislətində basdıranlar əlbəttə ki, dağıdacaqdılar. 
Bizsə amalımıza sadiqik: tikirik, qururuq, yaradırıq, cənnətimizi cəhənnəm əzabından qurtarmışıq, gülüstana döndəririk. Hara baxırıqsa sürətlə iş gedir. Uzağı 5 ildən sonra Cəbrayıl doğmalarını füsunkar görkəmi ilə qarşılayacaq.  
Bakıya qayıdırıq. Səfərə görə təşkilatçılara minnətdarıq. QHT nümayəndələrinin işğaldan azad olunan yurdlara mütəmadi səfərləri yeni ideyaların yaranmasına, vətəndaş cəmiyyəti institutu təmsilçilərini bu ərazilərdə ictimai əhəmiyyət daşıyan layihələrin icrasına sövq edir.
Azərbaycan – qayalarda
bitən bir çiçək,
Azərbaycan –
çiçəklərin içində qaya.
Mənim könlüm bu torpağı
vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.

Azərbaycan mayası nur,
qayəsi nur ki...
Hər daşından alov dilli
ox ola bilər.
"Azərbaycan!" deyiləndə
ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər. - Məmməd Araz
 

Ceyhun Musaoğlu 
Bakı - Xüdafərin - Bakı  




  • 26-12-2021, 23:41