
"Rusiyada xarici siyasətə baxışı Prezident Vladimir Putin formalaşdırıb. Deməli, onun mövqeyi ən önəmlidir".
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, bunu Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyanın keçmiş prezidenti, Rusiya Təhlükəsizlik Şurasının hazırkı sədr müavini Dmitri Medvedevin sosial şəbəkədə mübahisəsini şərh edərkən deyib.
Peskov qeyd edib ki, hər bir ölkədə rəhbərlik üzvlərinin dünyada baş verən hadisələrə fərqli baxışları, müxtəlif əhval-ruhiyyələri var. O, ABŞ və Avropada da kifayət qədər sərt düşüncəli insanların olduğunu vurğulayıb.
Rusiyaya gəlincə, Peskov Putinin sözlərinə və mövqeyinə diqqət yetirməyə çağırıb:
"Ancaq əsas məsələ, əlbəttə ki, Prezident Putinin mövqeyidir. Bizdə xarici siyasəti dövlət başçısı, yəni Putin formalaşdırır".
Qeyd edək ki, iyulun sonunda ABŞ Prezidenti Donald Tramp və Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev sosial şəbəkələrdə ictimai mübahisəyə səbəb olub. Amerika lideri rusiyalı siyasətçiyə onun sözlərinə əməl etməyi tövsiyə edib və Medvedevin təhlükəli əraziyə girdiyini eyham edib. Buna cavab olaraq Medvedev Trampı “Gəzən Ölülər” filmlərinə baxmağı yenidən nəzərdən keçirməyə çağırıb və ona “Ölü əl” layihəsini xatırladıb.
Nurlana Əhmədova
Missiya.Az