AZ   |   RU
“İlham Əliyevin mövqeyini artıq dünya birliyi də qəbul edir” - Ramin Əhmədov

“Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Brüsseldə keçirilən Şərq Tərəfdaşlığı sammitində ölkəmizin həm Qarabağla, həm də Zəngəzur dəhlizi ilə bağlı qəti mövqeyini dünya ictimaiyyətinin diqqətinə böyük məharətlə çatdırdı. İstər NATO-nun, istərsə də Avropa İttifaqı Şurasının rəhbərliyi Azərbaycanla faydalı əməkdaşlıqda maraqlı olduqlarını, həmçinin ölkəmizin Ermənistanla əlaqələrinin inkişafına töhfə verə biləcəklərini açıqladılar. Bundan başqa, Azərbaycan, Ermənistan və  Avropa İttifaqı Şurasının rəhbəri arasında keçirilən üçtərəfli görüşün sonunda Təşkilatın lideri Şarl Mişelin səsləndirdiyi bəyanatın bəndlərində ölkəmizin maraqları tam əksini tapıb. Bütün bu kimi məqamlar Prezident İlham Əliyevin Brüssel səfərinin Azərbaycan üçün uğurlu olduğunu deməyə əsas verir”. 
 
Missiya.Az
xəbər verir ki, bu sözləri Missiya Media Qrupun rəhbəri, Türk Ağsaqqalları Birliyinin (TAİB) təsisçisi Ramin Əhmədov Prezident İlham Əliyevin Brüssel səfəri ilə bağlı danışarkən deyib.
 
Ramin Əhmədov bildirib ki, Şarl Mişelin görüşlərdən sonra səsləndirdiyi bəyanatda diqqətçəkən məqamlardan biri, Aİ Şurasının Prezidentinin Ermənistanla Azərbaycan arasındakı münaqişənin artıq birdəfəlik son qoyulmasına çağırış etməsidir: “Təbii ki, bəyanata belə bir bəndin salınması Avropa İttifaqının Azərbaycan Prezidentinin mövqeyini dəstəklədiyini deməyə əsas verir. Çünki Prezident İlham Əliyev dəfələrlə Qarabağ münaqişəsinin bitdiyini, Cənubi Qafqazda sülh dövrünün başladığını bəyan edib. Avropa İttifaqının rəhbərliyi Azərbaycanın təklif etdiyi sülh müqaviləsinə dəstək verir. Həmçinin bəyanatda 2020-ci il 10 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr (Soçi) görüşlərinə diqqət çəkilib və imzalanan  bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırış edilib. Bu bəyanat bir daha sübut edir ki, Avropa İttifaqı ilə Azərbaycanın Cənubi Qafqazın gələcəyinə dair baxışı, mövqeyi üst-üstə düşür”.

Prezident İlham Əliyevin Brüsselə qalib dövlətin rəhbəri kimi səfər etdiyini deyən Ramin Əhmədov bildirib ki, həm Soçidə, həm də Brüsseldə keçirilən üçtərəfli görüşlərdə Azərbaycanın mövqeyinin əsas götürülməsi, ölkəmizin Vətən Müharibəsində əldə etdiyi qələbənin yaratdığı reallıqların dünya ictimaiyyəti tərəfindən də qəbul edildiyinin göstəricisidir: “Dünya Azərbaycanın haqlı mövqeyini çoxdan qəbul etməli idi. Dünya birliyi uzun illər bu məsələlə ilə bağlı haqsız mövqe sərgiləyib. Amma Vətən Müharibəsindəki şanlı qələbəmiz həm region ölkələrini, həm də nüfuzlu beynəlxalq təşkilatlarını Azərbaycanla hesablaşmağa, ölkəmizin maraqlarını qəbul etməyə sövq etdi. Hazırda Azərbaycan qalib ölkə kimi şərtləri diqtə edir, öz maraqlarına uyğun qərarların qəbul olunmasına nail olur. Təbii ki, Azərbaycan prezidentinin bütün platformalarda danışıqlara maraqlı olması, keçmişə yox, gələcəyə baxmağın əhəmiyyətindən bəhs etməsi, Cənubi Qafqazda sülhün və sabitliyin hökm sürməsinə olan maraqdan irəli gəlir”.

Missiya.Az 


  • 16-12-2021, 18:53